Tamaşanı hazırlayan avstriyalı rejissor və dirijor Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyində olublar
Üzeyir Hacıbəylinin (1885–1948) 140 illik yubileyi münasibətilə dahi bəstəkarın “Arşın mal alan” operettası 19 ildən sonra yenidən Vyanada səhnəyə qoyulacaq.
Yeni quruluşda tamaşanın Avstriya paytaxtındakı məşhur “Teatr Aksent”də oktyabrın sonu – noyabrın əvvəllərində nümayişi nəzərdə tutulur.
Operettanın yaradıcı heyətinə rejissor Rita Serayniq və dirijor Maykl Şnak rəhbərlik edir. Layihənin yüksək səviyyədə hazırlanması üçün onların Bakıya səfəri təşkil olunub. Səfər Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Mərkəzinin direktoru Leyla Qasımova və direktor müavini Elgün Niftəlinin müşayiəti ilə həyata keçirilib.
Qonaqlar Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyini ziyarət ediblər.
Muzeyin direktoru Xalq artisti, bəstəkar Sərdar Fərəcov onlara ekspozisiyalar, eləcə də “Arşın mal alan” operettasının səhnə tarixi haqqında məlumat verib. Qonaqlar dahi bəstəkarın şəxsi əşyaları, musiqi alətləri və əlyazmaları ilə maraqla tanış olublar.
Bu ziyarət yaradıcı heyətə Üzeyir Hacıbəylinin zəngin irsini daha dərindən anlamaq və yeni quruluşda bu irsi doğru şəkildə əks etdirmək üçün mühüm kömək olacaq.
Qeyd edək ki, tamaşa Avstriya ifaçılarının iştirakı ilə hazırlanacaq. Ariyalar Azərbaycan dilində, libretto isə alman dilində təqdim ediləcək.
“Arşın mal alan”ın yenidən Vyana səhnəsinə çıxması Üzeyir Hacıbəyli irsinin və Azərbaycan mədəniyyətinin Avropada daha geniş tanıdılmasına töhfə verəcək.
Vəfa Bağırzadə
Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri