Tanınmış almaniyalı klavesin və orqan ifaçısı Leonard Şik (Schik) ilk dəfə martın 27-28-də Azərbaycanda, paytaxtdakı Kamera və Orqan Musiqisi Zalında çıxış edəcək. Martın 24-də isə qonağın eyni məkanda “Barokko dövrünün ifaçılıq ənənələri” mövzusunda ustad dərsi olacaq.
Bu barədə Azərbaycan Dövlət Akademik Filarmoniyasından məlumat verilib.
Almaniyalı ifaçının birinci konsertində – "Orqan musiqisi gecəsində" dahi alman bəstəkarı İ.S.Baxın əsərləri səslənəcək. İkinci konsert – "Klavesin musiqisi axşamı" isə "Simurq" orkestrinin (dirijor Üzeyir Məmmədov) müşayiəti ilə gerçəkləşəcək.
Leonard Şik orqanologiya ilə maraqlanır və İ.S.Baxın klavesinləri haqqında araşdırmalar aparır. O, İsveçrə, Almaniya, Fransa, Niderland, İtaliya, Venesiya, Portuqaliya, Belçika, Sloveniya və Finlandiyada konsertlər verib, Venesiya Konservatoriyasında ustad dərsləri keçib. İfaçı B.Erben, R.Alpermann, G.Kallveit və S.Mayın rəhbərliyi ilə Alman Gənclər Orkestrində iştirak edib.