Logo

Tələbələr rozmarin bitkisinin yaşıl qələmlərinin kütləvi çoxaldılması işinə başlayıblar

23.03.2025 14:24 587 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup tələbəsi rozmarin bitkisinin yaşıl qələmlərinin kütləvi çoxaldılması işinə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dosent Allahverdi Seyidovun rəhbərliyi ilə “Bağçılıq” ixtisasının müxtəlif kurslarından olan bir qrup tələbə üçün bu təcrübə həm nəzəri, həm də praktiki biliklərin daha yaxşı mənimsənilməsinə və rozmarin bitkisinin səmərəliliyi və faydalarının geniş ictimaiyyətə çatdırılmasına imkan yaradır.

Allahverdi Seyidov ötən ildən fərqli olaraq bu il prosesin kütləvi xarakter aldığını və ilkin olaraq 1000 ədəd yaşıl qələmin çoxaldılmasına başlandığını deyib: “Tələbələr əvvəlcə butil asetatdan istifadə edərək biostimulyator məhlulunun hazırlanması üzrə xüsusi təlimlərdə iştirak ediblər. Daha sonra yüzlərlə rozmarin bitkisinin yaşıl qələmləri tələbələr tərəfindən kəsilərək biostimulyator məhlulunda bir neçə saniyə saxlanıb və viyollara əkilərək ADAU-nun istixanalarında yerləşdirilib”.

O, həmçinin deyib ki, xüsusilə qardaş Türkiyədə məşhur olan bu bitki əsasən balıq yeməklərində əvəzsiz ədviyyatdır. Həm tibbi, həm də maddi cəhətdən faydalı olan rozmarin və ya bibəriyyə Aralıq dənizi iqlimində böyüyən və xoş qoxusu ilə tanınan bitkidir. Mətbəximizdə istifadə edilən və yeməklərə ləzzətli ətir verən rozmarin sağlamlıq üçün də çox faydalıdır. Tərkibində yüksək miqdarda B, C, D, E və K vitaminləri olan rozmarin qida dəyəri yüksək olan bitkidir. Həmçinin dəmir, kalsium və fosforla da zəngindir.

“Rozmarin bitkisinin yetişdirilməsi və faydaları ilə bağlı tədbirlərdə və elmi konfranslarda dəfələrlə iştirak etmişəm, məqalələrim də çap olunub. Bu bitkini çoxaltmaqda əsas məqsədimiz həm təcrübə toplamaq, həm də maddi cəhətdən səmərəli olan bu texniki bitkinin faydalarını daha çox tanıtmaqdır,” - deyə universitetin II kurs tələbəsi Zemfira Sayfatova bildirib.

Qeyd edək ki, bibəriyyə bitkisindən kosmetik məhsulların hazırlanmasında və aromaterapiyada da istifadə olunur. Müalicəvi xüsusiyyətlərinə görə dəri xəstəliklərinin müalicəsində və dərinin kosmetik işlənməsində səmərəlidir.

Xəbər lenti