Görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, funksional analiz və diferensial tənliklər sahəsində görkəmli alim Fəraməz Maqsudovun anadan olmasından 95 il ötür. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında akademik Fəraməz Maqsudovun mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından, geniş ictimai fəaliyyətindən, qazandığı nailiyyətlərdən bəhs edən vəsait hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda professor Misir Mərdanovun “Görkəmli alim, bacarıqlı elm təşkilatçısı və humanist insan” məqaləsinin, akademikin "İstiqlal" ordeni ilə təltif edilməsi, xatirəsinin əbədiləşdirilməsi haqqında imzalanan rəsmi sənədlərin tam mətni təqdim edilir.
Kitabxananın rəsmi saytında yerləşdirilən materialda görkəmli şəxslərin Fəraməz Maqsudov haqqında söylədikləri dəyərli fikirlər, onun layiq görüldüyü təltif və mükafatlar, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar əks olunur. Vəsaitdə müəllifi olduğu kitabların biblioqrafı təsviri ilə yanaşı, qısa annotasiyası, dövrü mətbuat nümunələri də sərgilənir.