Logo

Şəkillərdə yaşayan xatirələr

23.03.2025 17:20 59 baxış
IMG

Görəsən, əzizlədiyimiz xatirələr hansı rəngdədir? Xatirələrin neçə rəngi var? Onların rənginin ya ağ, ya da qara olduğunu düşünürəm. Yaşadığı ömür insanın yaddaşında daha çox iki cür qalır: yaxşı və pis. Yaxşı hadisələr ağ rəngdə, pis  hadisələr isə qara rəngdə.

Qəlbimizin dərinliyinə hopmuş xatirələrin bəzilərini yada salanda üzümüzə təbəssüm qonur, ürəyimiz açılır. Onların qanadında keçmişə dönür, xoşbəxt günlərimizi gözlərimizin önündə yenidən canlandırırıq. Bəzi xatirələrimiz o qədər kövrək olur ki, yada düşəndə kədərlənirik, gözlərimiz nəmlənir, yanaqlarımızda şeh damcılarına bənzəyən yaş gilələnir. Elə xatirələr də var ki, heç onun səmtinə nə əl uzatmaq, nə də baxmaq istəyirik. Sanki kövrələcəyimizdən, xatirələrin ağırlığından qəddimizin bir daha düzəlməyəcəyindən qorxuruq.

Bir zamanlar bu şəkildəki dörd nəfərin bir daha bir yerə toplaşmamaq düşüncəsindən qorxduğu kimi.

Şəkil 1936-cı ildə Bakı şəhərində çəkilmişdir. Dörd nəfər oturub: ata, ana, qardaş, bacı. Bu onların ömründəki ən xoşbəxt günlərindən biridir və çox təəssüf ki, bu an bir daha təkrarlanmayacaq, elə xatirələrdə də yaşayacaq. Hüseyn Cavid və onun ailəsinin acılı-şirinli xatirələri elə fotolarda qalacaq. Bu gün Hüseyn Cavid ailəsinin xatirə kitabını vərəqlədikcə o səhifələrdə nakam qalmış arzularda sağa-sola burulan yolların sonu görünmür. Günlər ötüb arxada qaldıqca xatirələrdə üst-üstə qalaqlanır, xatirə kitabının vərəqlərinin sayı artır.

Mişkinaz və Turan xanımın ömür kitabını vərəqlədikcə kövrək xatirələr bir anlıq əlimdən tutub məni onların ömrünün səssiz-səmirsiz ötən çağlarında yaşanan günlərinə aparır...

Turan xanım öz məktəb illərinə aid xatirələrində qeyd edir ki, “Hər ikimizi o yola salırdı. Səhərlər ananı oyatmağa ürəyi gəlmirdi. Biz duranda artıq çay süfrəsi də, geyim-kecimimiz də hazır olurdu. Çox diqqətliydi. O dövrün insanlarında böyük sadəlik vardı, bu da, görünür ki, onların daxili zənginliklərindən irəli gəlirdi. Dərslərimizlə maraqanırdı, yaşımıza uyğun olmayan kitabları oxumağa qoymazdı”.

Bu xoşbəxt ailə tablosunu bir həyat yoldaşı kimi Mişkinaz xanım öz xatirələrində bu cür davam etdirir: “1929-cu ilin yay ayında biz hamımız yenə də Borjomda istirahət edirdik. Şəhərin bağlı- bağatlı bir yerində otaq tutmuşduq.

Adətən, səhər, günorta, axşam yeməklərini evdə yeyərdik. Mən xoşlardım ki, uşaqlara və Cavidə özüm bişirdiyim yeməklərdən yedirdim”.

Ancaq o günlərin yemək qayğısının sonralar, sadəcə, bir xoşbəxtlik olduğunu kim bilə bilərdi ki!?

1939-cu il iki iyul saat on ikidə görüş verəcəkdilər. Üçümüz də əlimizdə şeylər durmuşuq qapının qabağında. Fikirləşirəm nə halda görəcəyik?

Cavid qapıya yaxın tərəfdəydi. Əlləri dizlərinin üstündə. Gözünü qapıya zilləyib oturmuşdu. Qapıdan girən kimi mən gördüm. Adam çox olduğu üçün, bir də ki, gözlüyü gözündə yoxdu, tez görə bilmədi. Yaxına gələn kimi dik qalxdı ayağa. Qollarını açıb üçümüzü birdən qucaqladı. Birinci sözü bu oldu:

– Dünən niyə gəlmədiniz?

– Çatdıra bimədim. 

Uşaqları bir də ayrı-ayrı qucaqladı. Uzun müddət görmədiyi üçün ona nə qədər böyümüş görünürdülər. Elə həsrətlə baxırdı ki... Ürəyinə dammışdı ki, bu görüş axırıcı dəfədi... Xeyli arıqlamışdı. Rəngi qaçmışdı. İkimiz yan-yana oturduq. Uşaqlar da bir tərəfdə. Bir qolunu açıb ikisini də özünə tərəf sıxmışdı...”.

Ancaq bu görüş də bir xoşbəxtlik imiş. Ailənin hər bir üzvü sağdır. Yenə bir arzunun qanadlarındaydılar. Hər birinin bir ümidi var idi – bir gün yenidən bir yerdə olmaq. Baba Sibirdən dönəcək, Ərtoğrol əsgərlikdən qayıdacaq. Ailə xoşbəxt günlərinə yenidən qovuşacaq. Ailənin birliyi, sadəcə, xoşbəxtlik üçün deyil, onların sağlamlığı üçün də gərəkli idi. Ərtoğrol Naxçıvanda ağır xəstəliklə savaşarkən sağalmağın yolunun ailəsinin bir arada olmağından asılı olduğunu vurğulayırdı. Ailəsinə 1943-cü il avqust ayının 29-da yazdığı məktubunda qeyd edir: “Yalnız bir məsələ düşündürür. Sizin Naxçıvana gəlməniz. Tezliklə bir yerə toplansaq, nə böyük sevinc olar?... Hamısı sizdən asılıdır. Hələlik. Bərk-bərk öpürəm”.

Ərtoğrol bunları 1943-cü ildə arzulamışdı. Ömrünün son günlərində. Ancaq qismət... Ailənin yenidən qovuşması illər sonra mümkün oldu. Əsrə bərabər illərdən sonra. Bu ağır missiya ailə başçısının deyil, zamanın siyasi Liderinin və ailənin sonbeşiyinin çiyinləri üzərinə düşdü. Bu, kənardan göründüyü kimi, ailə fərdlərinin bir türbə daxilində yenidən qovuşması – sadə proses deyildi. Qanlar hesabına yaradılmış bir imperiyaya əsər edəcək siyasi gücün nəticəsində mümkün oldu.

“Məqbərənin layihəsi təsdiq olundu və mən anamın və Ərtoğrolun məqbərəyə köçürülməsini Əliyevə deyə bilmədim. Çox əzab çəkirdim. 1996-cı ilin iyunun 21-də Vəli Axundovun 80 illik yubileyi Akademiyada keçirilirdi. Ümid etməzdim ki, elə bir yerdə Əliyevi görüb sözümü deyə bilərəm. Elə oldu ki, biz çıxanda Əliyev foyedə akademiklərlə söhbət edirdi, məni görüb çağırdı. Yaxınlaşıb salam verdim. Çox sevinclə: "Xəbərin var, məqbərəni tikirlər", – dedi. "Bəli, eşitmişəm". Əlavə etdi ki, mən də gedəcəm. "Çox gözəl", – dedim. Doğum tarixini bir də soruşdu. İstədiyi o idi ki, məhz oktyabrın 24-də açılsın məqbərə. Əliyev söhbət etdikcə hiss edir ki, məndə o sevinc yoxdur. Birdən nəsə dayandı, diqqətlə üzümə baxdı: "Nə sözün var, de". Mən təəccüb elədim. Söz məni elə tutmuşdu ki, birdən-birə cavab verə bilmədim. "De, çəkinmə, de, nə demək istəyirsən, de". "Ərtoğrolun da məqbərəyə köçürülməsini istərdim". Dərhal razılaşdı. Yenə diqqətlə üzümə baxdı. "Deyəsən, sözün bitməyib". "Sizə təşəkkür üçün bütün sözlər azdı", – dedim. "Yenə sözün varsa, de, çəkinmə". "Anam onlardan ayrı qalır". "Onun da məqbərədə olmasını istəyirsən?". "Bəli", – dedim. "Çox istəyirsən?". "Çox!". "İstəyirsən, tapşırım"...

Ailənin 3 üzvü 57 ilin ayrılığından sonra cismən belə qovuşdu. 65 ilin həsrətindən sonra – 2004-cü ildə də böyük ürək sahibi Turan ilə – ailənin sonuncu üzvü ilə qovuşdular...

 

Sevda Quliyeva

Hüseyn Cavidin Ev-Muzeyinin əməkdaşı

Xəbər lenti