16 mart 2025-ci il tarixində SattarArt art studioda “Baharın Rəngləri” adlı rəsm sərgisi keçirildi. Tədbir baharın gəlişini simvolizə edən əsərlərlə dolu rəngarəng sənət bayramına çevrildi.
Tehsil.biz xəbər verir ki, sərgidə 40 gənc rəssamın əl işləri nümayiş etdirildi. Onlar baharın təravətini, təbiətin oyanışını və həyatın yenilənməsini əsərlərində əks etdirərək tamaşaçılara unudulmaz anlar yaşatdılar. Gənc istedadların zəhməti sərginin sonunda sertifikatlarla qiymətləndirildi.
Tədbirə xüsusi rəng qatan Kosa, Keçəl və Bahar qızı obrazlarının maraqlı səhnəcikləri sərginin atmosferini daha da canlandırdı. Ziyarətçilər bu çıxışları maraqla izlədilər.
Sərginin açılışını ədəbiyyatçı, şairə Gülarə Hacızadə və SattarArt studionun rəhbəri Şəms Səttarzadə həyata keçirdi. Onlar çıxışlarında gənc rəssamları təbrik edərək onların gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Həmçinin, valideynlərin dəstəyinin önəmini vurğulayaraq onlara xüsusi təşəkkür etdilər.
Tədbirin sonunda SattarArt studionun komandası və sərginin təşkilində əməyi keçən müəllimlər təşəkkürnamələrlə təltif olundu.
“Baharın Rəngləri” sərgisi gənc rəssamların istedadını ön plana çıxarmaqla yanaşı, incəsənətə olan sevgini və yaradıcılıq ruhunu bir araya gətirən unudulmaz bir tədbir kimi yadda qaldı.