Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Muzeydə musiqi” layihəsi davam edir.
Layihə çərçivəsində növbəti konsert proqramı keçirilib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Kamera Orkestri tərəfindən təqdim edilən konsertdə görkəmli bəstəkarlar S.Baxın IV Brandenburq konserti, Q.Donisettinin nəfəsli alətlər üçün simfoniyası, B.Martinunun “La Revue De Cuisine” (caz suitasi), A.Əlizadənin “Aşıqsayaği” və “Cəngi” əsərləri səsləndirilib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin idarəsi ilə gerçəkləşən konsert proqramı musiqisevərlərin böyük marağı və sürəkli alqışları ilə müşayiət olunub.
Qeyd edək ki, ötən ilin fevral ayından reallaşan "Muzeydə musiqi" layihəsi ölkəmizin aparıcı musiqi ocaqları ilə əməkdaşlıq əsasında hər ay yeni proqramla təqdim olunur. Tamaşaçılar həm dünya klassik musiqisindən, həm Azərbaycan bəstəkarlarının yaradıcılığından əsərlər, həm də milli, caz, etnik musiqi əsərlərini izləmək imkanı əldə edirlər.