Ağsu rayonunun Daşdəmirbəyli kəndində uzun müddət bağça və icma əsaslı sinfin olmaması səbəbindən erkən təhsildən kənarda qalan azyaşlılar üçün “Günəş” icma əsaslı sinfi təşkil olunub.
Bu barədə “Azərbaycan müəllimi”nə Ağsu şəhər 5 nömrəli tam orta məktəbin müəllimi, layihə rəhbəri Gülnar Fərzəlizadə məlumat verib. O bildirib ki, layihə Elm və Təhsil Nazirliyinin “2024-2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Ağsu rayonunda məktəbəqədər təhsilə əlçatanlığı artırmaq, məktəbəqədər təhsilin inkişafına töhfə vermək, təhsildə valideyn iştirakını təmin etməklə keyfiyyətli təhsil xidmətləri göstərmək, uşaqların akademik uğurlarını və sosial bacarıqlarını inkişaf etdirməkdir.
Layihə rəhbəri əlavə edib ki, icma əsaslı siniflər vasitəsilə müəllimlər, valideynlər və yerli icma nümayəndələri birlikdə çalışaraq uşaqların daha yaxşı təhsil almasına töhfə verirlər.
Məktəb rəhbərliyinin bildirdiyinə görə, bu yeni tədris modelinin tətbiqi sayəsində kiçikyaşlıların dərs prosesində fəallığı, tədrisə marağı artıb. Onların sosial bacarıqları inkişaf edib.
Layihə çərçivəsində dərslər həftədə 5 gün, gündə 2 saat olmaqla keçirilir. Azyaşlılar üçün müxtəlif interaktiv dərslər, qrup layihələri və icma ilə əməkdaşlıq proqramları təşkil olunur.
Övladlarını icma əsaslı sinifdə təhsil almaq üçün gətirən valideynlər hesab edirlər ki, məktəbdə belə bir sinfin yaradılması kənddə yaşayan azyaşlı uşaqların təhsilinə mühüm töhfə verir və onlar üçün böyük yenilikdir. Uşaqlar icma əsaslı məktəbəqədər təhsil sinfində həm sosiallaşır, həm də məktəbə daha yaxşı hazırlanırlar.
Qeyd edək ki, icma əsaslı siniflərin təşkili layihəsi Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilir və kənd məktəblərində təhsilin keyfiyyətini yüksəltmək üçün mühüm addımlardan biri hesab edilir.
1/4