Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımıları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımının nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti müasir dövrümüzdə də davam etdirilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində daha bir dəhşətli soyqırımı törədilib. Gecə vaxtı şəhərə xain hücum nəticəsində 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Mart soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb.
Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı da Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.
Azərbaycanlılara qarşı törədilən bu bəşəri cinayət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ildə - soyqırımının 100 illiyi ərəfəsində Sərəncam imzalayıb. Bu məqsədlə xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilib.
Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin “Böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin və şəhidlərimizin qisasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı.
Könül HƏSƏNOVA,
ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent