Logo

Xalq şairi Rəsul Rzanın məzarı ziyarət olunub

01.04.2025 16:35 112 baxış
IMG

Xalq şairi Rəsul Rzanın vəfatının 44-cü ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin sədri Anar başda olmaqla qurumun rəhbərliyi, mərhumun ailə üzvləri, dostları və poeziya həvəskarları şairin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Bu barədə TƏHSİL.BİZ -ə Ədəbiyyat Muzeyindən məlumat verilib.

Qələm adamları Xalq şairi Rəsul Rzanın məzarı üzərinə tər güllər düzüb, onun xatirəsini anıblar.

Mərasimdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Rəsul Rza Fondunun sədri akademik Rafael Hüseynov unudulmaz şairin zəngin yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüb. O, Rəsul Rzanın ədəbiyyatımızda öz sözü, yeri, fərdi yaradıcılıq siması və orijinal yazı manerası ilə fərqləndiyini vurğulayıb. Qeyd edib ki, bu il böyük Rəsul Rza ilə ayrılığın 44-cü ili tamam oldu. Şairin may ayında 115 illiyi qeyd ediləcək. Onsuz keçən hər bir ildə şairin şəxsiyyətinin də, sözünün də yeri həmişə görünüb: “Nə qədər ki insanlarda şeirə sevgi, sözün gücünə sayğı var, Rəsul Rza yeri daim görünəcək. Dünya tanınmayacaq qədər dəyişilməyəcəksə, köhnə insan vərdişləri yenə var olacaqsa, bəşər övladı süni intellektin tam əsarətinə düşməyəcəksə, Rəsul Rzaya və Rəsul Rzalara ehtiyac mütləq yenə qalacaq. O ehtiyac yaşadıqca isə biz olduq-olmadıq, nə məzarının üstündən çiçəklər əskik olacaq, nə də Rəsul Rzanın sevənləri tükənəcək”.

Xəbər lenti