Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra edilən beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) “İnformasiya texnologiyaları” ixtisası üzrə məzunu Fərid İsayev İNHA Universitetinin magistr proqramına tam təqaüdlə qəbul olub.
Bu barədə TƏHSİL.BİZ -ə BMU-dan məlumat veriilib.
Bildirilib ki, o, təhsilini “Kompüter və elektrik mühəndisliyi” ixtisasında davam etdirəcək.
Təhsilində yüksək akademik nəticələri ilə fərqlənən F.İsayev bu təqaüdü BMU ilə Koreyanın İNHA Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair imzalanmış Niyyət Məktubuna əsasən qazanıb. Tədris proqramları, tədqiqat təşəbbüsləri və mədəni mübadilələrın inkişafı üzrə əməkdaşlıq edən iki universitet arasında beynəlxalq ikili diplom proqramının təhsildə fərqlənən məzunlarına xüsusi imtiyazlar verilməsi, xüsusilə, proqram məzunlarının 10%-nə İNHA Universitetinin magistr proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüd ayrılması məsələsində razılıq əldə edilib.
Qeyd edək ki, 2020-ci ildən icra edilən BMU-İNHA İDP çərçivəsində “İnformasiya texnologiyaları”, “Elektrik mühəndisliyi”, “Elektronika mühəndisliyi” və “İnşaat mühəndisliyi” ixtisaslarına ümumilikdə 400 tələbə qəbul olub. 2024-cü ildə proqramı ilk dəfə bitirən 61 məzunun bir qismi hazırda dünyanın top universitetlərində magistratura təhsili alır, digər qismi isə aparıcı müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olur. 3+1 modelinə əsaslanan proqrama uyğun olaraq hazırda İNHA Universitetində 4-cü tədris ili üzrə 83 tələbə təhsil alır.