Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən "Nizami dünyası” adlı intellektual müsabiqəyə start veriləcək.
Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında onlayn qaydada keçiriləcək.
Müsabiqənin əsas məqsədi BŞTİ-nin əmri ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək, şagirdlərə dahi Nizami Gəncəvi sənətinin öyrədilməsi və tanıdılması, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
3 mərhələdən ibarət müsabiqənin I mərhələsi (məktəbdaxili mərhələ) 1-18 may 2021-ci il tarixlərində keçiriləcək. Məktəbdaxili mərhələdə hər məktəbdən ən yüksək nəticə əldə etmiş şagird seçilərək müsabiqənin II mərhələsinə təqdim olunacaq.
II mərhələ Bakı şəhərinin inzibati rayonları üzrə 19-24 may 2021-ci il tarixlərində "Kiçik akademiya" üzrə mərkəz olaraq müəyyən edilən məktəblər tərəfindən təşkil olunacaq.
Hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan şagirdlər müsabiqənin 25-30 may 2021-ci il tarixlərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaq.
Qeyd edək ki, müsabiqənin əsas mövzuları Nizami Gəncəvinin həyatı, qəzəlləri, müdrik kəlamları, "Xəmsə", görkəmli şəxslərin N.Gəncəvi haqqında söylədiyi fikirlər və N.Gənvəvi yaradıcılığındakı məşhur obrazlardan ibarətdir.
Müsabiqənin final mərhələsində Təşkilat Komitəsi tərəfindən ümumilikdə qalib kimi 9 şagird (2 nəfər I yer, 2 nəfər II yer, 2 nəfər III yer, 3 nəfər həvənləndirici yer) müəyyənləşdiriləcək.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.