Logo

Qərbi Azərbaycan folkloru ilə bağlı araşdırmalar davam edir

08.04.2025 14:45 179 baxış
IMG

AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi dosent Tacir Qurbanovun (Səmimi) “Yurdum, yuvam – Ağbabam” kitabı nəşr olunub.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, kitabda müəllifin povest və hekayələri, Qərbi Azərbaycanın görkəmli adamları haqqında qeydləri, Ağbabanın el sənətkarları – Aşıq İsgəndər Ağbabalı, Aşıq Qəmbər və başqaları barədə düşüncələri, “Gümrü duyğuları” və digər yazılar verilib. Burada erməni vəhşətinə, Ağbaba folklor örnəklərinə də xeyli yer ayrılıb.

Kitab Qərbi Azərbaycan folklorunun öyrənilməsi, ədəbi-bədii təhlili baxımından xüsusi əhəmiyyət daşıyır. Burada yüksək peşəkarlıqla toplanmış rəvayət, bayatı və xatirələrin, müdrik fikirlərin, kəlamların dərin mənalı siqləti Qərbi Azərbaycandan olan soydaşlarımızın dilinin, nitqinin xəlqiliyini şərtləndirən amillərdəndir. Kitabın “Sərhəd bayatıları”, “Söyləyici-toplayıcı münasibətləri” bölümlərində Qərbi Azərbaycan folklorunun şeir dilindən ətraflı söz açılaraq təhlili verilir.

Kitabda “Köhnə kişilər”, “El sənətkarları”, “Yurdun, elin müəllimləri”, “Doğmalarım”, “Duyğular, düşüncələr”, “Ötənlərin işığında”, “Mənə belə danışıblar”, “Arif Bayramovun xatirələri” və Qərbi Azərbaycanın digər görkəmli şəxsiyyətləri haqqında müxtəlif yazılar da öz əksini tapıb, onların həyatı hərtərəfli işıqlandırılıb.

Kitabın redaktoru Məftun Ənvəroğlu, “Ön söz”ün müəllifi dosent Sevinc Əliyeva, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev, Anar Hüseyn və dosent Nigar Həsənovadır.

Xəbər lenti