Aprelin 7-də Bakı Slavyan Universitetində (BSU) Təhsilin sosial-psixoloji əsasları, Korreksiyaedici təlim və Psixologiya ixtisasları üzrə təhsil alan tələbə və magistrantların iştirakı ilə “İnklüziv təhsildə autizmli uşaqlar: çağırışlar və həll yolları” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbir Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, hüquq psixoloqu Lamiyə Hüseynovanın təqdimatında keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki,dəyirmi masanın məqsədi autizm spektr pozuntusu olan uşaqların təhsil sisteminə effektiv inteqrasiyası, erkən müdaxilə metodlarının əhəmiyyəti və onların praktik tətbiq mexanizmlərinin müzakirəsi olub.
İnteraktiv formatda keçirilən tədbir çərçivəsində iştirakçılara “Erkən Uşaq Autizminin Qiymətləndirilməsi Reytinqi Ölçmə Cədvəli” – CARS (Childhood Autism Rating Scale) təqdim olunub və onun tətbiqi qaydaları ətraflı şəkildə izah edilib.
Tələbələr şkalada yer alan kateqoriyalar üzrə nümunəvi qiymətləndirmələr apararaq praktiki biliklərini möhkəmləndiriblər.
Dəyirmi masa zamanı inklüziv təhsilin əhəmiyyəti, autizmli uşaqların sosial adaptasiyası, müəllim və valideynlərin rolu, eləcə də erkən müdaxilənin effektivliyi kimi mövzular geniş müzakirə olunub. Tədbir iştirakçıları arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, real vəziyyətlər əsasında praktiki analizlər həyata keçirilib.