“Qərbi Azərbaycan torpaqları təkcə coğrafi məkan kimi əhəmiyyət daşımır. Bu torpaqlar müasir Azərbaycan üçün böyük alimlər, ictimai-siyasi xadimlər yetişdirib, bütöv Azərbaycan üçün böyük xidmətlər göstərib”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu “Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən konfransda Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsini icra edən Əminağa Sadıqov bildirib.
Bu konfransın SDU-da keçirilməsini önəmli hadisə sayan Ə.Sadıqov qeyd edib ki, tədbir Ulu Öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin həyata keçirilən siyasət çərçivəsində “Qərbi Azərbaycana qayıdış” konsepsiyasına öz əhəmiyyətli töhfəsini verəcək. Universitetlərin əsas vəzifəsi yüksəkixtisaslı kadrlar hazırlamaqdır. Amma universitetlər ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, onların tələbələri yetkin şəxsiyyət, vətənpərvər olmalıdır: “Bu baxımdan konfransın əhəmiyyəti böyükdür. Sumqayıtda gənclər ordusunun gücü ilə böyük işlər görmək mümkündür və görülür. Bütün digər təhsil müəssisələri kimi, SDU da dövlətin dəstəyini hiss edir”.