“Rəsmi olaraq 4 deportasiyanın olduğu deyilsə də, əslində, bütün dövrlərdə ermənilər azərbaycanlıların deportasiyası barədə düşünüblər. Onlar təhsil alıb geri qayıdan azərbaycanlılara da iş verməyiblər”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu “Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən konfransda Milli Məclisin Səhiyyə komitəsinin və Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov bildirib.
Onun sözlərinə görə, həmin dövrdə ermənilərin belə yanaşmasına dövlət səviyyəsində biganəlik var idi. Yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu məsələyə ciddi yanaşıldı.
Bugünkü konfransda gənclərin çoxluq təşkil etməsini son dərəcə əhəmiyyətli sayan akademik qeyd edib ki, gənclər canları-qanları hesabına torpaqlarımızı azad ediblər. Hazırda bu torpaqlarda quruculuq işləri gedir, məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar: “Unutmamalıyıq ki, deportasiya edilmiş xeyli insan var. Onlar dədə-baba torpaqlarına qayıtmaq istəyirlər. Onların bu torpaqlara qayıtmasının təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Bu konsepsiya artıq Azərbaycanın hüdudlarından çıxıb və dünya ictimaiyyətində qəbul edilib”.