“Ölkə üçün əhəmiyyətli sayılan ideoloji işlərdə gənclər öndə olmalıdırlar. Siz gənclər, bu dəyər işlərinə yeni dəyər qatmalısınız”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu “Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən konfransda Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, gənclərlə birgə tariximizə varmaq bugünkü konfransın əsas məramıdır. Gənclər onlar üçün yaradılan imkanları düzgün dəyərləndirərək ölkənin ictimai-siyasi həyatında seçilməli, ideoloji prosesə öz töhfəsini verməlidirlər.
Deputat qeyd edib ki, son 10 illərdə Sumqayıt sürətlə inkişaf edir, burada açılan yeni müəssisələr onun inkişafına təkan verir: “Azərbaycanın yeni tarixində Sumqayıt yeni bir fəsildir. Sumqayıt müstəqillik uğrunda mübarizənin ön sırasında oldu. Bu gün qürurla qeyd edə bilərik ki, Sumqayıt həm də həmrəylik şəhəridir”.
M.Vəliyeva əlavə edib ki, Azərbaycanın yeni inkişaf mərhələsində Qərbi Azərbaycana qayıdış məsələsi aktuallaşıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağ məsələsi həll edildikdən sonra əsas məsələ Qərbi Azərbaycana qayıdışdır.
M.Vəliyeva üzünü gənclərə tutaraq Qərbi Azərbaycanın tarixi torpaqlarımız olduğunu bir daha nəzərə çatdırıb. O əlavə edib ki, XX əsr Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların ən çox fəlakət yaşadığı dövrdür: “Deportasiya və soyqırım Ermənistanın dövlət siyasətinə çevrilib. XX əsrdə bütün bunlar SSRİ adlanan dövlətin gözü qarşısında baş verib. Nə üçün biz bunları yaşadıq? Əslində, inandıq və unutduq. Əziz gənclər, siz unutmayacaqsınız və unutdurmayacaqsınız. Ötən dövrdə müxtəlif tədbirlər həyata keçirilib, amma siz ideoloji işlərdə hər zaman öndə olmalısınız. Qərbi azərbaycanlılar beynəlxalq ədalətə uyğun, beynəlxalq normaların tələb etdiyi qaydalarla öz torpaqlarına qayıdacaqlar”.