Logo

Azərbaycan Universitetində növbəti kitab təqdimatı olub

10.04.2025 11:40 138 baxış
IMG

Azərbaycan Universitetində Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov ilə görüş və “Gənclərə tövsiyələr” kitabının təqdimatı olub.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə çıxış edən rektor Səadət Əliyeva təqdimatı keçirilən kitabın gənclərə doğru istiqamət verəcək tövsiyələrdən ibarət olduğunu vurğulayıb.

Daha sonra prorektor Yusif Qasımov çıxışında “Gənclərə tövsiyələr” kitabı haqqında fikirlərini bölüşüb.

Tədbirdə deputat Ceyhun Məmmədov dünyada və bölgədə gedən siyasi proseslər, Azərbaycan üçün son illərin ən böyük uğuru olan ərazi bütövlüyünün və suverenliyin bərpası, Azərbaycanın postmüharibə dövründə üz-üzə qaldığı çağırış, təhdid və təhlükələr, ölkənin sosial-iqtisadi inkişafında gənclərin üzərinə düşən məsuliyyət və gözləntilər barədə danışıb. O, bu yolda təhsilin və milli-mənəvi dəyərlərə sadiqliyin əhəmiyyətini vurğulayıb və müəllifi olduğu kitabın ərsəyə gəlmə prosesi haqqında məlumat verib.

Qonaq, həmçinin Azərbaycan Universitetinin ölkənin ali təhsil məkanında öz dəst-xəti ilə seçildiyini və fəaliyyətini yaxından izlədiyini bildirib. Universitetin son illərdə beynəlxalq reytinqlərdə yer aldığını və irəlilədiyini qeyd edən deputat bu təhsil ocağının rəhbərliyini və kollektivini təbrik edib.

Görüşdə deputat tələbələrin ünvanladıqları Qarabağ Zəfərindən sonra bölgədə yaranan reallıq, bu Zəfərə beynəlxalq ictimaiyyətin münasibəti, Azərbaycanın xarici siyasətində prioritetlər və yeni istiqamətlər, Azərbaycanın milli təhlükəsizliyinə yönələn təhdidlər, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi, dünyada gedən siyasi proseslər və bu kimi çoxsaylı sualları cavablandırıb.

Ceyhun Məmmədov sonda universitetin xatirə dəftərini imzalayıb.

Xəbər lenti