Logo

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfransın rayon mərhələsi keçirilib

10.04.2025 14:26 130 baxış
IMG

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfransın rayon mərhələsi keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət ediblər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdən öncə qonaqlar məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular.

Konfrans Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı, suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin xorunun ifasında səslənməsindən sonra açıq elan olunub, şeir kompozisiyası səslənib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, keçirilən müsabiqə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndər irsinin gənc nəsil arasında təbliği, eyni zamanda, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır. Müstəqil Azərbaycan dövləti bugünkü inkişaf mərhələsinə asan yolla çatmayıb. Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən Ulu Öndər Heydər Əliyev olub.

Konfransda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, milli həmrəylik və qəhrəmanlıq hisslərinin aşılanması, onlarda vətənpərvərlik ruhunun yüksəlməsi, Azərbaycanın tarixi qələbəsinin təbliğ edilməsi, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır. Ömrünü və bütün həyatını xalqına, dövlətə xidmətə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışının sonunda Sevinc Süleymanova məktəblilər arasında Ulu Öndər irsinin və Azərbaycan tarixinin təbliği və istedadlı gənclərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələri üçün edilən təşəbbüsə görə Bakı Şəhər İcra Hakimiyyətinə təşəkkürünü bildirib və növbəti mərhələdə şagirdlərə müvəffəqiyyətlər arzulayıb.

Konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu və siyasi fəaliyyəti barədə ətraflı məlumat verərək, dahi rəhbərin keçdiyi şərəfli və mənalı həyat yolundan, dövlətimizin, xalqımızın bu günü üçün etdiyi fədakarlıqlardan söhbət açıb. Elmin İmanov müsabiqənin bundan sonrakı mərhələləri, qiymətləndirmə meyarları və layihə haqqında ətraflı məlumat verib. O, müsabiqənin gənc nəslin vətənpərvər ruhda böyüməsində böyük rolu olmasını vurğulayıb, bundan sonra da şagirdlər və gənclər arasında humanitar biliklərin artırılması sahəsində, vətənpərvərlik, doğma yurda sevgi mövzusunda layihələrin keçirilməsinin davamlı olacağını söyləyib.

Sonda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova bildirib ki, gənclərin tarixi yaddaşının möhkəmləndirilməsində Vətən tarixinin öyrənilməsinin əhəmiyyəti böyükdür. Gənc nəslin dünyagörüşünün formalaşmasında, onlarda Vətən təəssübkeşliyinin, siyasi mənlik hisslərinin və azərbaycançılıq ideologiyasının güclənməsində, müstəqil dövlətimizin daha da inkişafında, ona sevgi və məhəbbətin artmasında Ümummilli Lider Heydər Əliyev milli-mənəvi irsinin öyrənilməsinin çox böyük aktual tərəfləri və elmi-nəzəri əhəmiyyəti var.

Müsabiqədə təqdim olunan 5 mövzu - “Rəvvadilər dövləti”, “Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalı - Kürəkçay müqaviləsi”, “Birinci Dünya müharibəsi və azərbaycanlı generallar”, “Heydər Əliyev – dövlət quruculuğu siyasəti”, “Qarabağ Zəfəri – Şəxsiyyət faktoru” mövzuları üzrə rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəbindən 193 nəfər şagirdin yazı işi daxil olub, münsiflər heyəti tərəfindən birinci mərhələdə iştirakçılardan 20 nəfərin yazı işi qənaətbəxş qəbul edilib, 10 şagirdin yazı işi isə rayon mərhələsinə vəsiqə qazanıb.

Konfransın sonunda müsabiqənin rayon mərhələsinə vəsiqə qazanan şagirdlər təqdimatları ilə çıxış edib. Müsabiqədə fərqlənən iştirakçılar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər lenti