Logo

Təqaüd proqramının qalibi müəyyən olunub

10.04.2025 14:28 119 baxış
IMG

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilmiş “Seyid Yəhya Bakuvi” təqaüd proqramı üzrə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

İlahiyyat İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, rektor, dosent Aqil Şirinov “Seyid Yəhya Bakuvi” təqaüd proqramının seçim mərhələsi haqqında məlumat verib. Rektor vurğulayıb ki, ali təhsil müəssisəsi tələbələrin öz potensiallarından tam istifadəsi, motivasiyalarının yüksəldilməsi, elmi axtarışlara sövq edilməsi, ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirir. A.Şirinov, eyni zamanda, DQİDK tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fonduna Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün yeni təqaüd proqramları təsis etdiyinə görə təşəkkürünü bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov təqaüd proqramının qalibini təbrik edib, tələbələrə uğurlar arzulayıb. Vurğulayıb ki, təsis olunmuş təqaüdlərin hər birinin məqsədi Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinin təhsilə olan marağını gücləndirməkdən, ixtisaslı kadrların yetişdirilməsini stimullaşdırmaqdan və tələbələrin ərəb dili üzrə biliklərinin artırılmasına dəstək göstərməkdən ibarətdir. Lakin onların hamısının vahid ideyası ləyaqətli vətəndaş yetişdirməkdir. Ölkəmizin gələcəyi təhsilli, elmli, vətənpərvər gənclərə bağlıdır. Bu təqaüdlərin fəlsəfəsində dayanan ləyaqət anlayışı məhz yüksək təhsil, vətənpərvərlik, milli-mənəvi köklərinə bağlılıq kimi ali dəyərləri özündə ehtiva edir.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov çıxışında tələbələr üçün təsis olunan proqramlarda fəal iştirak etməyi tövsiyə edib. İnstitutda gənclər üçün yaradılmış şəraitin onlar üçün böyük fürsət olduğunu, bu imkanlardan maksimum yararlanmaqla, savadlı mütəxəssis kimi yetişə biləcəklərini nəzərə çatdırıb. V.Göyüşov bildirib ki, Fondun əsas fəaliyyət istiqamətlərindən biri də təhsilalanların sosial müdafiəsinin gücləndirilməsi, istedadlı şəxslərin təhsilini davam etdirməsinə dəstək göstərməkdir. Bu məqsədilə Fond Azərbaycan İlahiyyat İnstitutu ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır.

Daha sonra “Seyid Yəhya Bakuvi” təqaüd proqramı üzrə müsabiqənin qalibləri elan olunub.

İslamşünaslıq ixtisasından I kurs tələbəsi Cəlal Cəfərli birinci, I kurs tələbəsi Elvin Qurbanov ikinci, I kurs tələbəsi Məhəmməd Güləliyev və dinşünaslıq ixtisasından I kurs tələbəsi Fatimə Həsənzadə üçüncü yerə layiq görülüblər.

Müsabiqə qalibləri çıxış edərək, komitə, fond və institut rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, Qurani-Kərim qiraəti istiqamətində ixtisaslı kadrların yetişdirilməsinin stimullaşdırılması məqsədilə “Seyid Yəhya Bakuvi” təqaüdü təsis edilib. “Seyid Yəhya Bakuvi” təqaüd proqramının seçim mərhələsi martın 4-də keçirilib. Müsabiqə komissiyası tərəfindən təsdiq olunmuş meyarlar nəzərə alınmaqla, ali təhsilin bakalavriat səviyyəsində təhsil alan Aİİ tələbələri arasında seçim aparılıb. Təqaüd Qiymətləndirmə Komissiyasının qərarı əsasında qalib seçilmiş şəxsə 1 il müddətində veriləcək.

Xəbər lenti