Bakı Slavyan Universitetində “İnklüzüv təhsildən inklüzüv cəmiyyətə: bərabər imkanlar və dayanıqlı inkişaf” adlı III Beynəlxalq konfrans keçirilir.
TƏHSİL.BİZ xəbər verir ki, tədbirdən əvvəl Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev jurnalistlərə konfransın məqsədi və inklüziv təhsil sahəsində nəzərdə tutulan vəzifələrdən danışıb:
“Konfrans ali təhsil müəssisələrində kadr hazırlığı prosesində inklüziv təhsilin tələblərinin nəzərə alınması və bu istiqamətdə həm müxtəlif ali təhsil müəssisələri ilə birlikdə elmi müzakirələrin aparılması və eləcə də əldə edilmiş nəticələrin tədris prosesinə tətbiqi məqsədi daşıyır. Bilirsiniz ki, ölkəmizdə inklüziv təhsilin təşkili istiqamətində geniş fəaliyyətlər, geniş işlər görülməkdədir.
Ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif dövlət proqramları çərçivəsində, o cümlədən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində inklüziv cəmiyyətin formalaşması mühüm hədəflərdən biri kimi müəyyən olunmuşdur. Bununla yanaşı, bütün ali təhsil müəssisələrində olduğu kimi, Bakı Slavyan Universitetinin də üzərinə müəllim hazırlığı kontekstində böyük iş düşür. Universitet olaraq bu fəaliyyətlərimizdə kadr hazırlığı prosesində bu konfrans vasitəsilə əldə etdiyimiz və edəcəyimiz nəticələrin gələcəkdə həm tədris prosesinə, həm də tədqiqat prosesinə öz töhfəsini verəcəyinə inanırıq. Proses zamanı bütün layihənin icrası müddətində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə müxtəlif təhsil müəssisələrində, regional təhsil idarələrində, o cümlədən Naxçıvanda müəllimlərin iştirakı ilə müxtəlif sorğular keçirilib, bilik və bacarıqlar kontekstində ehtiyacların müəyyən edilməsi aparılıb və eyni zamanda yerlərdə olan həmkarlarımızla birlikdə bu ehtiyacların ödənilməsi ilə bağlı müəllimlər üçün gələcəkdə təlimlərin keçirilməsi də nəzərdə tutulub.
Biz layihəmiz çərçivəsində bir çox ölkələrlə əməkdaşlıq edirik və bu, qarşılıqlı öyrənmə və müxtəlif təcrübələrin müzakirəsini əhatə edir. Çünki təhsilə yanaşmaları müxtəlifdir. Vacib olan məsələ ondan ibarətdir ki, bizim təhsil sistemimizdə təhsil qanunvericiliyimizin tələblərinə uyğun şəkildə ali təhsil müəssisəsi olaraq Bakı Slavyan Universiteti inklüziv təhsilin tələblərinin nəzərə alınması üçün özünün elmi tədqiqat və öyrənmə platformasını genişləndirməyi və bu platformadan, eyni zamanda digər ali təhsil müəssisələrində çalışan həmkarların da faydalanması üçün şərait yaratmağı hədəfləyir”.