Logo

Akademik İsa Həbibbəyli TÜRKTAV-ın baş katibi ilə görüşüb

10.04.2025 14:45 88 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türk Tarix və Kültür Vəqfinin (TÜRKTAV) baş katibi Assel Lakhayeva ilə görüşüb. Görüşdə Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub.

AMEA-dan TƏHSİL.BİZ -ə bildirilib ki, akademik İsa Həbibbəyli görüşün Milli Elmlər Akademiyasının 80 illik yubileyi ərəfəsində keçirilməsinin əlamətdar olduğunu, akademiyanın Türk dünyasının elmi-akademik qurumları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, 1926-cı ildə Bakıda, ovaxtkı İsmailiyyə binasında, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında keçirilmiş Birinci Türkoloji Qurultayın gələn il 100 illiyi tamam olur. Akademik İsa Həbibbəyli qurultayın yubileyinin Türk dünyasının elmlər akademiyalarının və elm xadimlərinin iştirakı ilə keçirilməsinin nəzərdə tutulduğunu və hazırlıq işlərinə başlanıldığını söyləyib. Vurğulayıb ki, yubiley tədbirləri çərçivəsində türkologiya üzrə xüsusi xidmətləri olan bir sıra alimlərin dəvət olunması, kitab təqdimatlarının, sərgilərin keçirilməsi planlaşdırılır.

AMEA rəhbəri TÜRKTAV ilə əməkdaşlığın Birinci Türkoloji Qurultayın 100 illiyinin yüksək səviyyədə təşkili məsələsinə töhfə verəcəyini qeyd edib.

Sonra baş katib Assel Lakhayeva TÜRKTAV-ın fəaliyyəti barədə məlumat verib. O, qurumun məqsədinin türk xalqlarının əsrlər boyunca formalaşmış mədəni yaddaş və irsini milli və beynəlxalq səviyyədə həyata keçirilən layihələr vasitəsilə tanıtmaq, qorumaq və gələcək nəsillərə ötürülməsinə xidmət edəcək fəaliyyətlər həyata keçirmək olduğunu deyib. Qurumun baş katibi bu məqsədlə TÜRKTAV-ın türk xalqlarının tarixi və mədəniyyəti sahəsində müxtəlif layihələr, konfranslar, simpoziumlar həyata keçirdiyini, türkcə dil kurslarının təşkil olunduğunu, nəşrlər hazırladığını söyləyib.

Birinci Türkoloji Qurultayın XX əsrdə türk xalqlarının mədəni həyatında və birliyində mühüm rol oynadığını deyən Assel Lakhayeva təmsil etdiyi qurumun AMEA ilə birlikdə qurultayın 100 illiyinin yüksək səviyyədə təşkili ilə bağlı TÜRKTAV-ın zəruri dəstəyi verəcəyini diqqətə çatdırıb.

Daha sonra qeyd olunan məsələ ətrafında geniş müzakirələr aparılıb, müvafiq razılıq əldə olunub.

Xəbər lenti