Bakı Mühəndislik Universiteti (BMU) ilə “Bayraktar Teknoloji Azərbaycan” şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
BMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, sənəd elm, təhsil sahələrində birgə layihələrin təşkili, elmi-tədqiqat layihələrində əməkdaşlıq, həmçinin tələbə təcrübə proqramlarının həyata keçirilməsini nəzərdə tutur. Bundan başqa, tərəflər tədris və təlim prosesinin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirəcəklər.
Memorandumu BMU-nun rektoru Yaqub Piriyev və “Bayraktar Teknoloji Azərbaycan”ın direktoru Hüseyn Topuz imzalayıblar.
İmzalanma mərasimində çıxış edən rektor Yaqub Piriyev iki tərəf arasında ötən ilin sonunda aparılan müzakirələrin konkret nəticələr verməsi, eləcə də şirkətin əməkdaşlıq memorandumunu ilk olaraq BMU ilə imzalamasından məmnunluğunu dilə gətirib. Rektor bu gün dünyanın hər yerində universitet-sənaye əməkdaşlığının kadr hazırlığının vacib istiqamətinə çevrildiyini vurğulayaraq, nəzəri biliklərin praktikada möhkəmlənməsi üçün nüfuzlu müəssisələr ilə əlaqələrin inkişaf etdirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Türkiyənin müdafiə sənayesinin nailiyyətlərinə toxunan Yaqub Piriyev BMU ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında əməkdaşlığın müsbət töhfələr verəcəyinə əminliyini ifadə edib.
“Bayraktar Teknoloji Azərbaycan”ın direktoru Hüseyn Topuz universitetlə müəssisə arasında formalaşan əməkdaşlığı müasir tələblərə uyğun kadrların hazırlanması istiqamətində uğurlu addım kimi səciyyələndirib. “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərliyi ilə həyata keçirilən layihələr və qarşıdakı hədəflər barədə də məlumat verən Hüseyn Topuz BMU-nun müasir mühəndislik sahələrində tədris, tədqiqat potensialına diqqət çəkib, habelə əməkdaşlığın uğurlu nəticələr verəcəyinə inandığını deyib.
Əməkdaşlığın inkişafına dair müzakirələr zamanı bu il BMU tələbələrindən bir qrupunun “Bayraktar Teknoloji Azərbaycan” da təcrübəyə cəlb olunması, universitet Texnoparkındakı startap layihələri və digər məsələlər nəzərdən keçirilib.