Logo

Naxçıvanda PISA 2025-də ilk dəfə iştirak edəcək şagirdlərlə görüş keçirilib

11.04.2025 11:46 67 baxış
IMG

 

Aprelin 10-da Naxçıvanda PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında ilk dəfə iştirak edəcək şagirdlərlə marifləndirici görüş keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində keçirilən görüşdə Naxçıvan şəhər 7, 15, 17 nömrəli tam orta məktəblərinin, Naxçıvan Qızlar Liseyinin, Naxçıvan Qarnizonu tam orta məktəbinin və  NDU-nun nəzdində İngilis dili təmayüllü gimnaziyanın təqdiqatda təmsil olunacaq şagirdləri iştirak ediblər. 

Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov iştirakçıların diqqətinə çatdırıb ki, PISA – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında ölkəmizin ümumtəhsil məktəbləri 2018-ci ildən iştirak edir. Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri isə bu il ilk dəfə olaraq bu tədqiqatda iştirak edəcək. Qeyd olunub ki, təqdiqatda muxtar respublikanın 12 təhsil müəssisəsindən 328 məktəblinin iştirakı nəzərdə tutulur. Təhsil naziri təqdiqatda iştirak edən şagirdlərə uğurlar arzulayıb.  

Azərbaycan Respublikası Təhsil İnstutunun direktor vəzifələrinin icraçısı Elnur Əliyev bildirib ki, PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda, onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 3 ildən bir keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatıdır. Tədqiqatın ölkəmizdə həyata keçirilməsi Təhsil İnstitutu tərəfindən təşkil olunacaq və tədqiqatda ölkə üzrə 8 mindən artıq şagird iştirak edəcək. Bu proqrama bu il  tədqiqata 91 ölkənin şagirdlərini qoşulacağını qeyd edən Elnur Əliyev qiymətləndirmənin şərtləri, qaydaları, istifadə olunan suallar, sualların cavablandırma qaydaları haqqında məktəblilərə geniş məlumat verib. Görüşdə tədqiqatla bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, həmin gün növbəti görüş Şərur və Kəngərli rayonlarının ümumtəhsil məktəblərinin şagirdləri ilə olub. Sabah isə Ordubad və Culfa rayonlarının tədqiqatda iştirak edəcək məktəbliləri ilə görüşün keçirilməsi nəzərdə tutulur. 

 

 

 

 

Xəbər lenti