Logo

Builki Beynəlxalq Astronavtika Konqresində Azərbaycan komandasının təqdim etdiyi elmi məqalənin sayı 630-u ötüb

11.04.2025 11:58 123 baxış
IMG

Bu il Avstraliyanın Sidney şəhərində keçiriləcək 76-cı Beynəlxalq Astronavtika Konqresində (BAK) Azərbaycanı təmsil edəcək Milli Elmi Komanda 632 elmi məqalə ilə qoşulub.

TƏHSİL.BİZ  xəbər verir, bunu Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov mətbuat konfransında çıxışı zamanı deyib.

“2023-cü ildə Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən 3600 elmi məqalə təqdim olunub. Bu, IAC tarixində ölkə sayı ilə bağlı rekord rəqəm idi. Tədbirə rekord sayda – 214 məqalə ilə qoşulmuş Azərbaycan ən çox elmi məqalə təqdim edən ölkələr siyahısında ABŞ, İtaliya, Hindistan və Çindən sonra beşinci yerdə qərarlaşıb. Sidneydə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə Azərbaycanı təmsil edəcək Milli Elmi Komanda 632 elmi məqalə ilə qoşulub. Bu il Azərbaycan elmi məqalələrin sayına görə digər ölkələr arasında ABŞ-dan sonra ikinci yerdə gəlir”, - deyə İmran Muxtarov əlavə edib.

Bu günədək Azərbaycan Kosmik Akademiyasının 340 orta məktəblə əməkdaşlıq əlaqələri qurduğunu sözlərinə əlavə edən KOSMİK Akademiyanın rəhbəri 14 universitet və 2200 tələbə ilə sıx əməkdaşlıq etdiklərini bildirib: “Həmçinin akademiya 9 gənclər təşkilatı ilə birgə layihələr həyata keçirir. 6 aydır fəaliyyət göstərən KOSMİK Akademiya artıq 8 beynəlxalq layihə həyata keçirib”.

Xəbər lenti