Logo

Beşinci “Yüksəliş” müsabiqəsində iştirak etmək üçün 16 min 553 nəfər qeydiyyatdan keçib

11.04.2025 12:01 109 baxış
IMG

Beşinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb.

Müsabiqənin işçi qrupundan TƏHSİL.BİZ -ə bildirilib ki, fevralın 28-dən aprelin 10-dək ümumilikdə 16 min 553 nəfər qeydiyyatdan keçib. Bu göstərici ilə müsabiqənin ötən illərdəki iştirakçı sayını geridə qoyaraq yüksək nəticəyə imza atılıb.

Qeyd edək ki, ötən il bu göstərici 15 min 877 nəfər olub.

Qeydiyyat mərhələsini uğurla tamamlamış iştirakçılar müsabiqənin onlayn seçim mərhələsi olan Ümumi biliklər imtahanında özlərini sınayacaqlar. Uğurlu namizədlər isə mərhələli şəkildə davam edəcək seçim turlarında idarəetmə bacarıqlarını nümayiş etdirəcək və sonda “Yüksəliş” müsabiqəsinin qalibi adını qazanmaq uğrunda rəqabət aparacaqlar.

Beşinci dəfə keçirilən müsabiqə əvvəlki illərlə müqayisədə daha geniş iştirakçı kütləsini əhatə etməklə ölkənin istedadlı və potensiallı liderlərinin aşkara çıxarılması və inkişaf etdirilməsi baxımından əhəmiyyətli layihəyə çevrilib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqənin qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, azı 2 il idarəetmə təcrübəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə qoşula bilərlər.

Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2024-cü il dekabrın 18-də müvafiq Sərəncam imzalanıb.

Xəbər lenti