Logo

Buraxılış imtahanında 300 bal toplayan məktəbli həkim olmaq arzusu ilə Türkiyəyə üz tutur

11.04.2025 12:03 142 baxış
IMG

Bakı şəhəri 37 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mədinə İsmayılzadə Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanında 300 bal toplayaraq maksimum nəticə göstərib.

Təəssüratlarını TƏHSİL.BİZ -in müxbiri ilə bölüşən Mədinə deyir ki, bu uğur planlı və məqsədyönlü hazırlığın nəticəsidir: “Hər gün müəyyən saatlarda dərs oxuyur, testlər işləyir və səhvlərimi təhlil edirdim. Məqsədim tibb sahəsində təhsil almaqdır və bu mənim hazırlaşmağıma daim motivasiya verirdi”.

O, dərslərdə aktiv iştirak etdiyini, suallar yarandıqda müəllimlərinə müraciət etdiyini və bütün fənlərə bərabər diqqət ayırdığını bildirib: “Çətinlik çəkdiyim xüsusi bir fənn olmadı. Hazırlıq zamanı əsas prinsipim davamlılıq idi”.

Gələcək planlarından danışan Mədinə ali təhsilini Türkiyədə tibb sahəsi üzrə davam etdirmək istədiyini qeyd edib: “Hazırda ümumi tibb istiqamətini seçmişəm, amma konkret ixtisaslaşmanı təhsil dövründə qərar verməyi planlaşdırıram. Hədəfim İstanbul və ya Ankaradakı nüfuzlu tibb universitetləridir”.

Mədinə İsmayılzadənin uğuru onun zəhmətinin və məqsədə inamının nəticəsidir. O, gələcəkdə həm Azərbaycanı, həm də ölkəmizin gənclərini xaricdə layiqincə təmsil etməyi qarşısına məqsəd qoyur.

Xatırladaq ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 2-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

 

Xəbər lenti