Azərbaycan Texniki Universitetinin (AzTU) AI-Baku 2025: Süni İntellekt və Biotibbi İnnovasiyalar üzrə Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu çərçivəsində Yeni Klinikada “İşemik insultların müalicəsində müasir yanaşmalar" mövzusunda elmi seminar və Angioqrafiya laboratoriyasında master-klas təşkil olunub. Tədbir dünyadakı ən son yeniliklərin müzakirəsi və klinik praktikada tətbiqi imkanlarının genişləndirilməsi məqsədilə təşkil edilib.
AzTU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov insult xəstəliyinin müasir dövrdə cəmiyyət üçün ciddi sağlamlıq problemi olduğunu vurğulayaraq, insult mərkəzinin fəaliyyəti və əhəmiyyətindən söz açıb.
TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov işemik insult və digər nevroloji xəstəliklərin müalicəsi üçün multidisiplinar komandanın vacibliyini qeyd edərək Azərbaycanda bu istiqamətdə işlərin həyata keçirildiyini vurğulayıb və TƏBİB tabeliyində fəaliyyət göstərən 4 xəstəxanada insulta hazır olan xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması üçün müvafiq işlərin həyata keçirildiyini bildirib.
AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun direktoru professor Nuran Abdullayev bildirib ki, AI-Baku 2025: Süni İntellekt və Biotibbi İnnovasiyalar üzrə Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” çərçivəsində müəyyən edilmiş prioritet hədəflərə uyğun təşkil olunub. O qeyd edib ki, işemik insultların müalicəsində süni intellektin rolu qaçılmazdır və bunun tətbiqi mütləqdir. Məhz buna görə forum çərçivəsində belə bir elmi-praktik konfransın keçirilməsinə qərar verildi. Professor Nuran Abdullayev elmə əsaslanan, doğru qurulmuş müasir insult mərkəzlərinin digər ölkə səhiyyələrində inqilabi dəyişikliyə səbəb olduğu nümunələri qeyd edib və Avropa təcrübəsinə əsaslanan müasir müalicə yanaşmaları barədə ətraflı məlumat verib. Mobil insult diaqnostikasından bəhs edən Nuran Abdullayev onun tətbiqinin yaxın gələcəkdə çox önəmli olduğunu vurğulayıb. Tanınmış mütəxəssis seminarın tibb sahəsində peşəkar inkişaf və beynəlxalq təcrübələrin paylaşılması baxımından böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.
İnteraktiv şəkildə klinik təcrübələr və aktual yanaşmaların təqdim olunduğu seminarda Yeni Klinikanın digər həkimləri də çıxış ediblər.
Daha sonra Angioqrafiya laboratoriyasında master-klas təşkil olunub. Master-klas zamanı Nuran Abdullayev beyin damarlarında icra olunan ən müasir əməliyyat texnikaları barədə azərbaycanlı həmkarlarına əyani təqdimatla ətraflı məlumat verib.
Tədbir çərçivəsində xüsusilə beyin insultu zamanı tətbiq olunan qabaqcıl müdaxilə üsullarına diqqət yetirilib və Nuran Abdullayev tərəfindən inkişaf etdirilən ən yeni əməliyyat texnikası, Avropada artıq patent almış ən yeni stent azərbaycanlı həkimlərə nümayiş olunub. Bundan başqa, iştirakçılar beynin damar anevrizmalarının müalicəsində istifadə olunan, ən müasir mühəndis texnologiyaları ilə hazırlanmış və hazırda Azərbaycanda istifadə olunmayan stentlərlə tanış olmaq imkanı əldə ediblər.
Qeyd edək ki, Yeni Klinikada təşkil olunan seminar çərçivəsində ilk dəfə yeni texnologiyaların tətbiqinə dair məlumatlar geniş auditoriyaya təqdim olunub və iştirakçılara beyin damarlarının müalicəsində innovativ yanaşmalar nümayiş etdirilib.
Ən müasir mühəndis texnologiyaları ilə hazırlanmış stentlərin elmi tədqiqatlarla daha da öyrənilməsi bundan sonra Azərbaycanda da aparılacaq. Belə ki, AzTU-da keçirilən AI - Baku 2025: Süni İntellekt və Biotibbi İnnovasiyalar üzrə Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu çərçivəsində Azərbaycan Texniki Universitetində “AI-MED LAB” laboratoriyasının açılış mərasimi keçirilib. AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun nəzdində yaradılan “AI-MED LAB”ın məqsədlərindən biri də qeyd edilən elmi-tədqiqat işlərini aparmaq və Azərbaycanı beynəlxalq səviyyədə layiqincə təmsil etməkdir. Bu isə təkcə milli səhiyyəmiz üçün deyil, həmçinin beynəlxalq səviyyədə elmi innovasiyalara və müasir elmin inkişafına mühüm töhfədir.