Bakı Dövlət Universiteti (BDU) və Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında mövcud əməkdaşlıq çərçivəsində və BDU-nun Keyfiyyət Təminatı Mərkəzinin təşkilatçılığı ilə “Ali təhsil müəssisələrində Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi” mövzusunda akademik heyət üçün onlayn təlim təşkil olunub.
BDU-dan TƏHSİL.BİZ -ə təlimin açılışında BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov universitetlərarası tərəfdaşlığın əhəmiyyətini vurğulayıb, bu cür təşəbbüslərin ali təhsil müəssisələrinin akademik və institusional potensialının gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib. O, son illərdə BDU-da Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası istiqamətində həyata keçirilən işlər məlumat verib.
Təlim çərçivəsində QMTTU-nun Dayanıqlı İnkişaf Məqsədləri üzrə Layihə Ofisinin baş meneceri Aliya Jaksılıkova, meneceri Rustam Axmetov, eləcə də İnstitusional və elmi-metodik tədqiqatlar şöbəsinin müdiri Emil Andekin təqdimatlarla çıxış ediblər. Təqdimatlarda ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin formalaşmasında DİM-lərin inteqrasiyasının mühüm rolu xüsusi vurğulanıb.
Təlim interaktiv müzakirələrlə davam edib. İştirakçılar Dayanıqlı İnkişaf Məqsədlərinin tədris, tədqiqat və ictimai xidmət fəaliyyətlərinə inteqrasiyası, bu sahədə qabaqcıl təcrübələr barədə fikir mübadiləsi aparıblar.