Logo

Azərbaycan Texniki Universitetində əqli mülkiyyət mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

11.04.2025 15:11 69 baxış
IMG

Əqli Mülkiyyət Agentliyi davamlı olaraq ali məktəblərdə əqli mülkiyyət məsələlərinə həsr olunan maarifləndirici tədbirlər keçirilir.

Agentlikdən TƏHSİL.BİZ -ə bildirilib ki, “Sənaye mülkiyyəti obyektləri və onların qeydiyyatı” mövzusunda növbəti tədbir Azərbaycan Texniki Universitetində təşkil edilib.

Tədbiri açan Azərbaycan Texniki Universitetinin elm və innovasiyalar üzrə prorektoru, texnika elmləri doktoru, professor Sübhan Namazov əqli mülkiyyətin qorunması və effektiv idarə olunmasının ölkənin elmi potensialının reallaşdırılması baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, bu baxımdan elmi-tədqiqat və ali təhsil müəssisələrinin Agentliklə birgə fəaliyyətinin gələcək uğurlar üçün möhkəm zəmin yaradacağını diqqətə çatdırıb. Qeyd edib ki, əqli mülkiyyət sahəsində maarifləndirmə işləri gənc tədqiqatçıların bu sahəyə cəlb olunması və innovasiya mühitinin formalaşdırılması üçün əhəmiyyətli olacaq.

Sonra Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira və faydalı modelin ekspertizası şöbəsinin müdiri Sevinc Zeynalova çıxış edərək, bu görüşü qarşılıqlı əməkdaşlığın ilk addımı kimi dəyərləndirib.

Əqli mülkiyyətin qorunması və bu sahədə biliklərin artırılması məqsədilə keçirilən tədbirdə iştirakçılar üçün mütəxəssislər tərəfindən təqdimatlar edilib. Şöbə müdiri Sevinc Zeynalova “Əqli mülkiyyət obyektlərinin mahiyyəti üzrə ekspertizanın aparılması” və “Beynəlxalq və regional patentləşdirmə prosedurları”, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İlkin ekspertiza və sənaye nümunələrinin ekspertizası şöbəsinin müdiri Afət Qasımova “Patent hüququ obyektləri və patentin alınmasına dair iddia sənədinin tərtibatı və verilməsi” mövzularında təqdimatla çıxış ediblər.

Tədbirdə İlkin ekspertiza və sənaye nümunələrinin ekspertizası şöbəsinin baş-məsləhətçi ekspertləri Könül Əmircanova, Nazilə Cahangirova, İxtira və faydalı modelin ekspertizası şöbəsinin aparıcı məsləhətçi-eksperti Sevinc Dünyamalıyeva və Mərkəzin əməkdaşı Firuzə Bəhramova kimya və tibb sahəsində ixtira təsvirinin düzgün hazırlanması, xüsusilə də ixtira düsturlarının tərtibi xüsusiyyətləri, həmçinin milli və beynəlxalq iddia sənədlərinin verilməsi prosedurları, iddia sənədlərinin Agentliyin PƏNAH elektron sistemi vasitəsi ilə qəbulu barədə geniş məlumat veriblər.

İnteraktiv müzakirələrlə davam etdirilən tədbirdə Agentliyin nümayəndələri iştirakçıların suallarını cavablandırıblar.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifi olduğu əqli mülkiyyətə dair kitablar Azərbaycan Texniki Universitetinin kitabxanasına hədiyyə edilib.

Xəbər lenti