Tədbir çərçivəsində təşkil olunmuş Elmi nailiyyətlər sərgisi yalnız müstəqil ölkədə və tarixi Zəfər qazanmış millətin elmi sərgisi ola bilər.
AMEA-dan TƏHSİL.BİZ -ə bildirilib ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Elm Gününə həsr olunmuş tədbirində çıxışı zamanı Elm Gününün fəxri qonağı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib. O, Azərbaycan alimlərini Elm Günü münasibətilə ürəkdən təbrik edib, yeni uğurlar arzulayıb. Bu əlamətdar bayram çərçivəsində, həmçinin onun imza saatının, əsərlərindən ibarət sərginin təşkilinə görə akademiya rəhbərliyinə minnətdarlığını bildirib.
Hazırda dərin tədqiqatların aparıldığı Qərbi Azərbaycan, Türk dünyası və digər prioritet sahələrin araşdırılmasının yalnız müstəqil ölkədə mümkün olduğunu vurğulayan Xalq yazıçısı müxtəlif dövrlərdə mövcud olan fərqlər haqqında bəhs edib, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMEA-da bu istiqamətlərdə görülən işlərin ölkəmizin inkişafına öz töhfəsini verəcəyini vurğulayıb.