Logo

ADU ilə Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq memorandumu yenilənib

11.04.2025 16:23 107 baxış
IMG

Macarıstanın ölkəmizdəki səfiri Tamaş Torma Azərbaycan Dillər Universitetində (ADU) olub. Görüşdə Mədəni diplomatiya departamentinin rəhbəri Eszter Pap, mədəniyyət və təhsil diplomatı Monika Felföldi də iştirak ediblər.

ADU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, qonaqlarla görüşdə rektor Kamal Abdulla Azərbaycan və Macarıstan arasında sıx iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin olduğunu qeyd edib. Macarıstanda fəaliyyətə başlayacaq Azərbaycan dili və mədəniyyəti mərkəzi haqqında danışan rektor qarşılıqlı əlaqələrin qurulması istiqamətində əlverişli imkanların mövcudluğundan bəhs edib: “Arzu edərdik ki, macar həmkarlarımızla əlaqələrimiz daha da genişlənsin. Bu baxımdan kifayət qədər yollar var. Əlaqələrimizin inkişafında göstərdiyiniz diqqət və qayğıya görə təşəkkür edirəm. İnanıram ki, bu sahədə atdığınız addımlar əlaqələrimizin inkişafına növbəti dəfə öz töhfəsini verəcək”.

Qonaqlara ADU-nun QS reytinqlər cədvəlində qazandığı uğurlu nəticə haqqında məlumat verilib.

Səfir ADU ilə əlaqələrin perspektivlərindən söz açıb. Bildirilib ki, Macarıstan universitetləri ilə ADU-nun əlaqələrinin möhkəmlənməsi istiqamətində səfirlik tərəfindən daim dəstək göstəriləcək.

Görüşdə Azərbaycan Dillər Universiteti ilə Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum yenilənib. 2022-ci il avqustun 2-də bağlanmış müqavilə yenilənərək 3 illik müddətinə uzadılıb.

Daha sonra səfir ADU-nun Macar Dili və Mədəniyyəti Mərkəzində olub, tələbələrlə görüşüb.

Xəbər lenti