Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ilə bağlı Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Gəncə Dövlət Universitetinin dəstəyi ilə “Musiqidə milli ənənələrin təcəssümü” adlı elmi-praktik seminar keçirilib.
TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Gəncə Dövlət Universitetinin rektorunun baş müşaviri dosent Asif Cavadov mövzunun aktual olduğunu bildirib.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov çıxışında qeyd edib ki, seminarın keçirilməsində əsas məqsəd milli köklərimiz zəminində formalaşan bəstəkarlıq ənənələri, Azərbaycan peşəkar musiqi irsinin tədqiqat məsələlərini gənc nəslə çatdırmaqdır.
Seminarda “Nizami və musiqi”, “Kontratenor səsinin xüsusiyyətləri və onun Azərbaycan musiqisində tətbiqi”, “Məhsəti Gəncəvi poeziyasında Azərbaycan musiqi mədəniyyəti”, “Azərbaycan xor musiqisində muğamdan istifadə məsələləri”, “Bəstəkar Telman Hacıyevin yaradıcılığı milli ənənələr kontekstində”, “Azərbaycan xor musiqisində muğamdan istifadə məsələləri” mövzularında məruzələr dinlənilib.
Tədbirdə Gəncə Dövlət Universitetinin müəllim və tələbələri musiqi əsərləri ifa ediblər.