Türkiyənin İstanbul Aydın Universitetinin ev sahibliyi etdiyi 5-ci Avrasiya Təhsil və Sosial Elmlər Beynəlxalq Konfransı çərçivəsində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri dosent Xatirə Quliyevanın “Heydər Əliyevin böyük siyasət yolu” fundamental monoqrafiyasının təqdimat mərasimi keçirilib.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, Ulu Öndər Heydər Əliyevin həyatı, dövrü, dünyagörüşü və dövlət idarəçiliyi fəaliyyətini əks etdirən monoqrafiyanın təqdimat mərasimi AMEA-nın 80 illiyinə həsr olunub. Tədbirdə AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri Ədalət Qasımov, tarix elmləri doktoru Şikar Qasımov əsərin elmi aktuallığını, dünya siyasi-fəlsəfə sahəsi üçün böyük əhəmiyyətini vurğulayıblar.
“Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyasının elmi məsləhətçisi və “Ön söz”ün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru akademik Nərgiz Axundova, rəyçiləri Naxçıvan Dövlət Universitetinin professoru Məmməd Rzayev, hüquq elmləri doktoru Arif Quliyev, məsul redaktorları tarix elmləri doktoru Röfət Quliyev və tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı, redaktorları Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Sevinc Nisa Quliyeva və Lalə Əliyevadır.