AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiani ilə görüşüb.
AMEA-dan TƏHSİL.BİZ-ə bildirilib ki, Rəyasət Heyətində keçirilən görüşdə iki qurum arasında qarşılıqlı maraq doğuran məsələlər, ortaq layihələr ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.
Akademik İsa Həbibbəyli Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə olduğu kimi, elm sahəsində də sıx əlaqələrin mövcud olduğunu bildirib. O, bu əlaqələrin müasir dövrün tələbinə uyğun yeni istiqamətlər üzrə inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
Azərbaycan-Gürcüstan elmi əlaqələrinə toxunan akademik İsa Həbibbəyli AMEA-nın Gürcüstan Milli Elmlər Akademiyası, eləcə də bu ölkənin digər elmi müəssisələri ilə sıx əməkdaşlıq etdiyini söyləyib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə birlikdə həyata keçirdikləri layihə üzrə “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının Bakıda, Tbilisidə və Kembricdə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr olunmasını xüsusi qeyd edib.
Professor İrma Ratiani səmimi görüşə görə AMEA prezidentinə təşəkkürünü bildirib, akademiyanın 80 illik yubileyi münasibətilə bu elm ocağının çoxminli kollektivini təbrik edib.
Rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verən professor İrma Ratiani hər iki ölkənin milli və dövlətçilik maraqlarına cavab verən birgə tədqiqatların aparılmasında maraqlı olduqlarını diqqətə çatdırıb, “Nizami Gəncəvi və Şota Rustaveli” birgə layihəsinin, müştərək elmi bilik və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.