Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST” 2025-ci il mayın 1-4-də Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək. Ümumilikdə 7 kateqoriya və 16 altkateqoriyadan ibarət olan müsabiqəyə bu il 15 mindən çox komanda və 47 min iştirakçı müraciət edib.
Bakı Dövlət Universitetindən TƏHSİL.BİZ -ə bildirilib ki, “BDU TETYM” komandasının təqdim etdiyi “Irrigo – Dayanıqlı Kənd Təsərrüfatı Ekosistemi” layihəsi “TEKNOFEST ŞKTC Araşdırma layihələri” kateqoriyası üzrə yüksək bal toplayaraq, final mərhələsinə vəsiqə qazanıb.
Tullantı sularının təmizlənməsi, yenidən emalı və suvarma üçün yararlı vəziyyətə gətirilməsini təmin edən bu sistem sahibkarlar və kəndlilər üçün “IoT” və “Ağıllı kənd” konsepsiyasına əsaslanan bir çox innovativ funksiyalar təqdim edir.
Layihənin prototipi, veb-sayt və mobil tətbiqi artıq komanda üzvü olan BDU tələbələri tərəfindən hazırlanır.