Logo

“Nizami Gəncəvi və Şota Rustaveli ədəbiyyatda və incəsənətdə” birgə layihəsinin müzakirəsi olub

12.04.2025 14:12 70 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun “Nizami Gəncəvi və Şota Rustaveli ədəbiyyatda və incəsənətdə” birgə beynəlxalq elmi layihəsinin müzakirəsi keçirilib.

Akademiyadan TƏHSİL.BİZ-ə bildirib ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Gürcüstan Elmlər Akademiyası ilə əməkdaşlığın inkişafından, elmi-ədəbi əlaqələrin əhəmiyyətindən danışıb. Xüsusilə son illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Gürcü Ədəbiyyatı İnstitutu arasındakı elmi əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan akademik “Nizami Gəncəvi və Şota Rustaveli” mövzusu üzrə birgə layihənin birinci mərhələsinin uğurla başa çatdığını, tədqiqat nəticəsində yazılmış monoqrafiyanın Azərbaycan və gürcü dillərindən başqa, Kembricdə ingilis dilində də nəşr olunduğunu bildirib.

Layihənin ikinci mərhələsində isə təkcə ədəbiyyatın deyil, incəsənət sahələrinin də əhatə olunacağını qeyd edən İsa Həbibbəyli növbəti tədqiqata Ədəbiyyat İnstitutu ilə birgə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, eləcə də AMEA Gəncə Bölməsinin Nizamişünaslıq Mərkəzinin, Rəyasət Heyəti aparatının Akademiya Muzeyinin əməkdaşlarının da cəlb edilməsinin məqsədəuyğun olduğunu bildirib.

Sonra Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiani çıxış edərək birinci mərhələdə yüksək elmi nəticə əldə olunduğunu deyib. O, birgə layihənin növbəti ikinci mərhələsi üzrə qarşıya qoyulan vəzifələr, tədqiqatın məqsədi, vəzifəsi, nəzərdə tutulan istiqamətləri və gözlənilən nəticələri barədə danışıb.

Müzakirə zamanı AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov, Gürcü Ədəbiyyatı İnstitutunun direktor müavini professor Maka Elbakidze, Ədəbiyyat İnstitutunun əməkdaşlarından filologiya elmləri doktoru İmamverdi Həmidov, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyeva və başqaları çıxış edərək mövzu üzrə fikir və təkliflərini səsləndiriblər.

Sonda akademik İsa Həbibbəyli layihənin plan-prospektinin işlənib hazırlanması, müəlliflər heyətinin seçilməsi, mövzu üzrə nəzərdə tutulan istiqamətlərin müəyyən edilməsi barədə müvafiq təkliflərini verib, tapşırıq və tövsiyələrini diqqətə çatdırıb. O qeyd edib ki, “Nizami Gəncəvi və Şota Rustaveli ədəbiyyatda və incəsənətdə” birgə layihəsinin meydana çıxması ilə Azərbaycan-gürcü elmi əlaqələrində yeni səhifə açılacaq.

Xəbər lenti