Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda 12 Aprel – Dünya Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş və 2024-2025-ci tədris ilinin tədbirlər planına əsasən 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM) publik hüquqi şəxsin təşkilatçılığı ilə konfrans keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə institutdan bildirilib. Qeyd olunub ki, müəssisənin baş direktoru akademik Arif Həşimov konfrans iştirakçılarına Fizika İnstitutu haqqında geniş məlumat verib.
Sonra 138 nömrəli məktəbin “Əyləncəli fizika” dərnəyinin üzvləri “Buxar turbini – istilik enerjisini hərəkət enerjisinə çevirən bir qurğudur” mövzusunda təqdimat ediblər.
Elm və texnika şöbəsinin metodisti Xeyrənsə Hümmətova Elm Günü haqqında ətraflı məlumat verib. Elm və texnika şöbəsində 700-dən çox şagirdin dərsdən sonrakı vaxtlarının səmərəli təşkil olunması, yaradıcılıq qabiliyyətlərinin, məntiqi təfəkkürlərinin inkişaf etdirilməsi bildirilib.
Konfransda I və II elm festivalından hazırlanmış videoçarx izlənilib, fizika üzrə fəlsəfə doktorları Suma Hüseynova və Mobil Kazımov, filologiya üzrə fəlsəfə doktoru Lalə Əliyeva çıxış ediblər.
Tədbirin sonunda UGİM-in Elm və texnika şöbəsinin müəllimləri və dərnək üzvləri Fizika İnstitutunda elmi-tədqiqat laboratoriyaları ilə yaxından tanış olublar. Aparılan tədqiqat işləri haqqında iştirakçılara məlumat verilib.