Logo

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinal mərhələsi olub

14.04.2025 08:29 125 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mövsümünün yarımfinal mərhələsi üzrə test imtahanları keçirilib.

ADPU TƏHSİL.BİZ -ə bildirilib ki, “bp Azərbaycan” şirkətinin sponsorluğu ilə keçirilən və əsas məqsədi universitetin istedadlı tələbələrini aşkar etmək, onların peşəkar inkişafına dəstək göstərərək gələcək kadr bankı formalaşdırmaq olan müsabiqənin yarımfinal mərhələsində 231 tələbə iştirak edib. Test imtahanı formasında təşkil edilən yarımfinal mərhələsində tələbələr “İnformasiya ilə iş”, “Məntiqi təfəkkür”, “Mətn üzərində verbal təhlil” və ilk dəfə tətbiq edilən “İdarəetmə” blokları üzrə tapşırıqları cavablandırıblar.

Universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri, işçi qrupunun rəhbəri Turan Kərimli və İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, layihə rəhbəri Taleh Mirzəyev imtahanların gedişini izləyiblər.

Yarımfinal mərhələsində yüksək nəticə göstərərək müsabiqə əsasında formalaşacaq keçid balını toplayan tələbələr final mərhələsinə vəsiqə qazanacaqlar. Final mərhələsində müxtəlif keyslər vasitəsilə iştirakçıların fərdi və komanda daxilində liderlik, strateji yanaşma, komanda ilə iş, eləcə də layihə idarəetməsi üzrə bacarıqları qiymətləndiriləcək. İştirakçıların final mərhələsinə hərtərəfli hazırlığına dəstək və komanda ruhunu gücləndirmək məqsədilə finaldan öncə universitet rəhbərliyinin finalçılarla görüşü, layihə idarəetməsi təlimi və intellektual viktorinanın təşkili nəzərdə tutulur.

Qeyd edək ki, ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün “Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin 10 qalibinin hər birinə ADPU tərəfindən 1000 AZN məbləğində pul mükafatı və “bp”dən dəyərli hədiyyələr, eləcə də Təşkilat Komitəsinin təyin etdiyi mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq şəhadətnamə veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim olunur. Mentorlar universitet rəhbərliyi və tərəfdaş qurumların rəhbər şəxsləri arasından seçiləcək.

Fevral ayından start götürən müsabiqə may ayına qədər davam edəcək.

Xəbər lenti