Azərbaycan Texnologiya Universitetində (ATU) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən Gəncə və ətraf rayonların elm və ali təhsil ictimaiyyətinə açıq infosessiya keçirilib.
Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, tədbirdə giriş sözü ilə ATU-nun elm və innovasiyalar üzrə prorektoru, elm və xarici əlaqələr üzrə müşaviri Sahil Həmidov çıxış edərək infosessiyanın əsas məqsədinin süni intellekt alətlərindən istifadə etməklə elmi-tədqiqatların keyfiyyətinin artırılması və bu prosesin daha səmərəli təşkili yollarının təqdim edilməsi olduğunu bildirib, bu kimi tədbirlərin elmi potensialın artırılmasında və yeni imkanların tanıdılmasında mühüm rol oynadığını vurğulayıb.
Daha sonra infosessiyanı EATDA-nın Elmi müəssisələrlə iş şöbəsinin əməkdaşı Nərminə Abdullayeva davam etdirərək “Scopus” elmmetrik bazasından səmərəli istifadə və “Scopus AI” süni intellekt alətinin imkanları barədə təqdimatla çıxış edib. Təqdimatda “Scopus” elmmetrik bazasında əhatəli ədəbiyyat və etibarlı jurnal axtarışı strategiyaları, tədqiqat trendlərinin, istinadların və tədqiqat təsirlərinin təhlili, “Scopus”un süni intellekt alətindən səmərəli istifadə etməklə tədqiqata ayrılan vaxta qənaət və s. kimi mövzular əhatə olunub.
Təqdimatın sonunda iştirakçıların sualları cavablandırılıb.