Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün Dövlət İdarəçilik Akademiyasında (DİA) “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələn öhdəliklər” mövzusunda təlim keçirilib. Tədbirin əsas məqsədi bu Konvensiyanın mahiyyəti və tələbləri barədə məlumatlılığın artırılması, eyni zamanda, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunluğunun təşviqi olub.
DİA-dan TƏHSİL.BİZ -ə bildirilib ki, təlimdə Hüquq kafedrasının müdiri hüquq elmləri doktoru, professor İsaxan Vəliyev mühazirə ilə çıxış edib. Təlimdə Konvensiyanın qəbul tarixi, hüquqi mexanizmləri, iştirakçı dövlətlərin öhdəlikləri və irqi ayrı-seçkiliyin qarşısının alınması istiqamətində beynəlxalq təcrübə müzakirə olunub. Eyni zamanda, iştirakçılara Konvensiya çərçivəsində təqdim olunan hesabatların hazırlanması və BMT-nin müvafiq komitəsinə təqdim olunması prosesi barədə ətraflı məlumat verilib.
Professor İsaxan Vəliyev irqi ayrı-seçkiliyin qarşısının alınmasının qlobal əhəmiyyətini vurğulayıb, insan hüquqlarının müdafiəsində universal yanaşmanın önəmini qeyd edib. O, Azərbaycanın 1996-cı ildə “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanı ratifikasiya etməsi, eləcə də ratifikasiyadan sonra bu sahədə beynəlxalq öhdəliklərinə uyğun şəkildə həyata keçirdiyi institusional və hüquqi tədbirlər barədə danışıb. O, ölkədə irqi və etnik müxtəlifliyə malik bir cəmiyyətin mövcud olduğunu qeyd edib, tolerantlıq və multikulturalizm prinsiplərinin dövlət siyasətində mühüm yer tutduğunu vurğulayıb.
Təlim interaktiv şəkildə təşkil olunub, iştirakçılar sual-cavab sessiyalarında aktiv iştirak edib, praktiki nümunələr əsasında irqi ayrı-seçkiliyin tanınması və qarşısının alınması yolları müzakirə edilib.