Logo

AzMİU “EURIE 2025 – Avrasiya Ali Təhsil Zirvəsi”ndə təmsil olunub

14.04.2025 16:05 165 baxış
IMG

Türkiyənin İstanbul şəhərində Avrasiya Universitetlər Assosiasiyasının (EURAS) təşkilatçılığı ilə keçirilən “EURIE 2025 – Avrasiya Ali Təhsil Zirvəsi”ndə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov və Xarici əlaqələr şöbəsinin Ortaq təhsil proqramlarının idarə olunması sektorunun müdiri Könül Şirinova da iştirak ediblər.

Bu barədə TƏHSİL.BİZ -ə AzMİU-dan bildirilib. Nümayəndələr universitetin beynəlxalq əlaqələrinin inkişafı, xarici tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi və beynəlmiləlləşmə strategiyasının təqdimatı istiqamətində fəallıq nümayiş etdiriblər. Zirvə çərçivəsində AzMİU nümayəndələri Koç, Boğaziçi, Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti kimi Türkiyənin aparıcı ali təhsil ocaqları ilə yanaşı, Malayziya, Kanada, Polşa və Rumıniyadan olan universitetlərin və xaricdə təhsil şirkətlərinin nümayəndələri ilə bir sıra görüşlər keçiriblər. Görüşlər çərçivəsində əcnəbi tələbələrin AzMİU-ya cəlb olunması, tələbə və akademik mobilliyi, birgə tədqiqat layihələri və qarşılıqlı əməkdaşlıq imkanları məsələsi əsas prioritet istiqamət kimi diqqət mərkəzində olub.

Tədbir çərçivəsində təşkil edilən sərgi zonasında AzMİU-nun stendi də təqdim olunub. Stend vasitəsilə universitetin tədris proqramları, tədqiqat istiqamətləri, mövcud beynəlxalq əməkdaşlıqları və gələcək tərəfdaşlıq imkanları barədə ətraflı məlumatlar təqdim edilib. Ziyarətçilərə tanıtım broşürləri və digər çap materialları paylanılıb. Stendə müxtəlif ölkələrin universitet rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və xarici tələbələr maraq göstəriblər.

Qeyd edək ki, zirvə 65 ölkədən 2000-dən artıq iştirakçını – ali təhsil rəhbərlərini, akademikləri, beynəlxalq təşkilat nümayəndələrini və sənaye təmsilçilərini bir araya gətirib. Tədbir çərçivəsində 150-dən çox ali təhsil müəssisəsinin stendi nümayiş etdirilib, 60-dan artıq panel müzakirəsi və 150 beynəlxalq ekspertin iştirakı ilə paralel sessiyalar həyata keçirilib. Sessiyalarda ali təhsildə beynəlmiləlləşmə trendləri, tələbə və müəllim mobilliyi, Erasmus+ proqramı, rəqəmsal transformasiya, keyfiyyət təminatı və davamlı akademik əməkdaşlıq kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti