Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov 8-10 aprel 2025-ci il tarixlərində Avrasiya Universitetlər Birliyinin (EURAS) təşkilatçılığı ilə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən X Avrasiya Ali Təhsil Zirvəsində (EURIE 2025) iştirak edib.
Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, beynəlxalq təhsil ictimaiyyəti üçün əhəmiyyətli hadisələrdən biri olan EURIE 2025 Zirvəsində 65 ölkədən 2000-dən çox ali təhsil nümayəndəsi iştirak edib. Tədbir çərçivəsində 320 təşkilatın iştirakı ilə 156 natiqin çıxış etdiyi 52 paralel panel, seminar və konfrans təşkil olunub. Sessiyalarda ali təhsildə beynəlmiləlləşmə trendləri, tələbə və müəllim mobilliyi, Erasmus+ proqramı, rəqəmsal transformasiya, keyfiyyət təminatı və davamlı akademik əməkdaşlıq kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Professor Cəfər Cəfərov tədbirdə bir sıra uğurlu görüşlər keçirib, beynəlxalq əməkdaşlıq, tələbə mobilliyi və təhsil məsləhətçiliyi istiqamətində beynəlxalq əməkdaşlıq müqaviləsi imzalayıb.
Zirvə çərçivəsində həmçinin Malayziyanın təhsil naziri Zambry Abd Kadirin iştirakı ilə Türkiyə-Malayziya Birgə Forumu, Türk Ali Təhsil Paneli, eləcə də EURAS ilə əməkdaşlıq protokolunun imzalanması kimi mühüm tədbirlər baş tutub. Bağlanış iclasında İstanbul Texniki Universitetinin rektoru professor Hasan Mandal, Potsdam Universitetinin rektoru Florian Schweigert və DAAD Baş katibi Kai Sicks çıxış ediblər.
EURIE 2025 Zirvəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə yanaşı, ölkəmizi daha 7 ali təhsil müəssisəsi təmsil edib.
Qeyd edək ki, Avrasiya Universitetlər Birliyi – EURAS, 2008-ci ildə təsis edilmiş və Avrasiya regionundan 110-dan çox ali təhsil müəssisəsini birləşdirən beynəlxalq qeyri-kommersiya assosiasiyasıdır. ADPU 22 noyabr 2023-cü il tarixindən etibarən EURAS-ın üzvüdür.