Logo

PIRLS 2021 tədqiqatı başlayır

30.04.2021 12:25 98 baxış
IMG

Zinyət Əmirova: “Tədqiqat təhsil sistemini yüksək bacarıqlara malik insan kapitalını formalaşdırmaq üçün yetərli əsaslarla təmin edir”

 

Son illərdə müasir səriştə və bacarıqlara malik təhsilalanların, dövrün mövcud çağırışlarına adekvat cavab verən  mütəxəssislərin hazırlanması təhsil sistemləri qarşısında mühüm çağırış kimi çıxış edir. Məhz bu çağırışların təmin edilməsi keyfiyyətli insan kapitalının formalaşdırılması və dayanıqlı iqtisadiyyatın inkişafını şərtləndirən həlledici amillərdəndir.  Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Milli Prioritetlər”də nəzərdə  tutulmuş XXI əsrin təhsil sisteminin yaradılmasında şagirdlərimizin beynəlxalq qiymətləndirmələrdə iştirakının zəruriliyi qeyd edilir. Qiymətləndirmə tədqiqatlarından biri  tezliklə keçirilməsinə srart veriləcək PIRLS - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatıdır.  Təhsil İnstitutunun Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin aparıcı mütəxəssisi Zinyət Əmirova ilə söhbətimiz PIRLS tədqiqatına həsr olunub.

 

- Bu il PIRLS Beynəlxalq tədqiqatın növbəti mərhələsi keçiriləcək. PIRLS nədir və nələri ölçür?

- Oxu bacarığı bəlkə də uşaqların inkişaf etdirə biləcəkləri ən mühüm qabiliyyətdir və məktəbdə, daha sonra isə həyatda uğur qazanmaq üçün həlledici əhəmiyyətə malikdir. Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqat (Progress in International Reading Literacy Study - PIRLS) dördüncü sinifdə oxu materiallarının qavranılmasının beynəlxalq qiymətləndirilməsidir və 2001-ci ildən başlayaraq hər beş ildən bir həyata keçirilir. PIRLS 2021 iyirmi illik bir dövrdə oxu nailiyyətlərinin tendensiyalarının müəyyən olunmasını təmin edən beşinci qiymətləndirmə tədqiqatıdır. Kompleks struktura əsaslanan PIRLS uşaqların dörd il ibtidai təhsil səviyyəsində təhsil aldıqdan sonra nə dərəcədə yaxşı oxuduqları haqqında beynəlxalq müqayisəli məlumatlar təqdim edir. Təhsil nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən təşkil olunan PIRLS 60-dan çox ölkənin şagirdlərinin iştirak etdiyi qiymətləndirmə tədqiqatıdır. Azərbaycan bu tədqiqatın 2011-ci il və 2016-cı il dövrlərində iştirak etmişdir.

 

- PIRLS milli təhsil sistemləri üçün nə kimi imkanlar yaradır?

* PIRLS ölkələrin oxu tədrisinin təkmilləşdirilməsi üzrə faktlara əsaslanan qərarlar qəbul etməsinə imkan yaradır. Ölkələr öz milli təhsil sistemlərini inkişaf etdirmək məqsədilə nailiyyət testləri və sorğu məlumatlarından aşağıdakı kimi istifadə edirlər:

 

  • * Ölkə səviyyəsində nailiyyət trendlərinin izlənilməsi;
  • * Yeni və ya təkmilləşdirilmiş təhsil siyasətlərinin effektivliyinin müəyyən edilməsi;
  • * Oxu tədrisində zəif cəhətlərin meydana çıxarılması və kurikulum üzrə islahatların stimullaşdırılması;
  • * PIRLS nəticələrinin tədqiq və təhlili əsasında təhsil sisteminin inkişaf etdirilməsi;
  • * Digər siniflərdə bənzər qiymətləndirmə tədqiqatlarının təşkil olunması;
  • * Oxu bacarığının formalaşdırılması və oxunun tədrisini araşdıran tədqiqatlar əsasında zəngin məlumat bazasının formalaşdırılması.

 

- Ötən illər ərzində bir neçə dəfə PIRLS qiymətləndirmələri keçirilib. Azərbaycanın bundan əvvəlki qiymətləndirmələrdəki göstəricilərini necə dəyərləndirirsiniz və tədqiqatın nəticələrini bu gün məktəb sistemimizdə görə bilirikmi?

- Azərbaycan bu tədqiqatda ilk dəfə 2011-ci ildə iştirak edib. Tədqiqatın sonrakı dövrü 2016-cı ilə təsadüf edib və 2021-ci ildə keçirilməsi planlaşdırılır.  PIRLS 2011 tədqiqatının nəticələri ilə müqayisədə  2016-cı ildə azərbaycanlı şagirdlərin “mükəmməl” səviyyəyə daxil olan payı 0 faizdən 2 faizə,  Yüksək” səviyyə üzrə isə şagirdlərin nəticələri  9 faizdən 16 faizə yüksəlib.  Başqa sözlə desək, ölkə üzrə bu 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayında ikiqat artım müşahidə olunub. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin payı 37 faizdən 27 faizə enib, yəni, 10 faiz azalıb.  Məktəb sisteminə təsirinə gəldikdə isə PIRLS qiymətləndirmə tədqiqatında istifadə olunan mətn və sualların tərtib olunma forması Azərbaycanın ümumtəhsil müəssisələrində ibtidai siniflərdə müəllimlərin metodik tövsiyə xarakterli vəsaitlərinə daxil edilib. Şagirdlərin oxu bacarıqlarını ölçmək məqsədi daşıyan metodlar PIRLS standartlarına uyğun olaraq 4 müxtəlif idrak səviyyəsini nəzərə almaqdadır.

 

- PIRLS 2021 tədqiqatı pandemiya dövrünə təsadüf edir. Builki qiymətləndirmədə nə kimi dəyişikliklər gözlənilir?

- Bildiyimiz kimi,  ötən il Nazirlər Kabineti tərəfindən COVID-19 infeksiyasına yoluxma halının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə tədrisin, təlim-tərbiyə prosesinin dayandırılması və bununla əlaqədar bütün tədbirlərin təxirə salınması barədə qərar qəbul edilib. Martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mərhələlərlə tədris ilinin sonunadək dayandırılıb.  Bununla əlaqədar olaraq, PIRLS 2021 üzrə planlaşdırılan tədqiqatın pilot mərhələsi ləğv edilib.  COVID-19 pandemiyası səbəbilə cari ildə keçirilməsi gözlənilən əsas mərhələdə iştirakçı məktəb sayında da dəyişikliklər olub.  Belə ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulub. Müvafiq olaraq, 52 bölgə üzrə 200 məktəbdə keçirilməsi nəzərdə tutulan qiymətləndirmə tədqiqatı 49 bölgə üzrə 115 məktəbdə təşkil olunacaq.  Sanitar-gigiyenik tələblərin yerinə yetirilməsi üçün şagird sayı çox olan iştirakçı siniflərin yarımqruplara bölünməsi planlaşdırılır.

 

- Azərbaycan 2021-ci il PIRLS tədqiqatına necə hazırlaşır?

- 2019-cu ilin aprel-oktyabr aylarında PIRLS tədqiqatının pilot və əsas mərhələsi üçün məktəb seçimi təkmilləşdirilib və yekunlaşdırılıb.  Bu mərhələdə məktəb seçimi üçün ilkin məlumat toplanıb. Proses əsnasında ölkə üzrə tədqiqatda iştirak edəcək məktəblərə, eləcə də həmin məktəblərdə oxuyan cari və gələcək 4-cü sinif şagirdlərinə dair məlumatlar və statistika işlənilib.  2020-ci ilin sentyabr-dekabr aylarında isə əsas mərhələ üçün materialların hazırlanması həyata keçirilib.  Beynəlxalq mərkəz tərəfindən göndərilən bütün materiallar Azərbaycan dilinə tərcümə edilib, yoxlanılmış və gələn rəylər əsasında təkmilləşdirilib.  Bununla yanaşı, PIRLS 2021 tədqiqatının əsas mərhələsində iştirak edəcək 200 məktəblə əlaqə saxlanılıb, iştirak haqqında razılıq əldə olunub. İştirakı müəyyənləşdirilmiş məktəblərdən növbə ilə cari 4-cü siniflərin, daha sonra qiymətləndirmə üçün seçilmiş şagirdlərin məlumatları alınıb və məktəblərə dair bütün məlumatlar vahid məlumat bazasında işlənilib.

 

Cari ilin aprel-may aylarında tədqiqatın Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonu istisna olmaqla (pandemiya şərtləri ilə əlaqədar), 115 seçilmiş məktəbdən 127 sinifdə keçirilməsi planlaşdırılır. Bu siniflərdən 114-ü Azərbaycan, 13-ü rus bölməsini təmsil edir.

 

- “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulan XXI əsrin təhsil hədəflərinə çatmaqda PIRLS və digər beynəlxalq qiymətləndirmələrin rolunu  necə  qiymətləndirərdiniz?

- “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində reallaşması nəzərdə tutulan 3-cü prioritet - “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”na əsasən, gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkə yüksək rəqabətli insan kapitalını formalaşdırmağı hədəfləyir. Həmin prioritetin I bəndində beynəlxalq qiymətləndirmə tədqiqatları bilavasitə vurğulanmışdır: “Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır”.

 

Oxu istiqamətində ümumi təhsilin gücləndirilməsi üçün müəyyən dövrlər üzrə dəyərləndirmələrin aparılması və inkişaf trendinin müəyyənləşdirilməsi və ölçülməsi baxımından PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatının rolu olduqca böyükdür. Təlim-tədris prosesinin təkmilləşdirilməsi məqsədilə veriləcək qərarlar üçün PIRLS kimi tədqiqatlardan əldə olunan məlumatlar əsasında hazırlanmış tövsiyələr zəruridir. Eyni zamanda, PIRLS çərçivəsində tərtib olunan məktəb, müəllim, şagird və valideyn sorğuları şagirdlərin oxu qabiliyyətinə təsir göstərən amillər və təhsil sistemlərinin şagirdlərə yaratdığı imkanlar haqqında lazımi informasiya təqdim edir. Əlavə olaraq, tədqiqat zamanı milli kurikulum siyasətləri və oxu üzrə proqramlar, şagird öyrənməsini asanlaşdıran üsul və strategiyalar, şagirdlərin evdə və məktəbdə əhatə olunduqları mühit, məktəb vəsaitləri və sinifdaxili tədris araşdırılır. Tədqiqat dövrləri arasında aparılan müqayisəli təhlil isə təhsil sistemini qısa və uzun müddətdə yüksək bacarıqlara malik insan kapitalını formalaşdırmaq üçün yetərli əsaslarla təmin edir.

 

Oruc MUSTAFAYEV

 

Xəbər lenti