Logo

Onlar həmin gün dərsə getmişdilər, müharibəyə deyil

30.04.2021 13:36 933 baxış
IMG

Onlar həmin gün dərsə getmişdilər, müharibəyə deyil.

 

Bacısını qorumaq üçün dəhlizə çıxan, qatillə əlbəyaxan çıxan, 7 güllə ilə öldürülən, qrup yoldaşlarının qollarında can verərkən ağlayan Savalan Cabbarov

 

Pianoda gözəl ifa edən, 2 əcnəbi dil bilən, hadisə günü səhər yatıb qalan Ayaz Bağırov. Anası deyir, oyatmağa əlim gəlmirdi, amma imtahanı vardı deyə oyatdım. Alnından güllələnən Ayaz hadisədən bir gün əvvəl dostuna belə bir msj yazmışdı: "Növbəti günün bərbad olacağını bilə-bilə hələ də üzündə saxta təbəssüm saxlamaq çox dəhşətlidir. 

 

Taleh Məmmədov. Güllə onun boğazından girib kürəyindən çıxaraq şah damarını zədələdiyindən qanaxmanın qarşısını almaq mümkün olmamış və o hadisə yerindəcə dünyasını dəyişmişdi. Yaralanan andan son nəfəsinə kimi dostlarından yardım istəyən Talehin həmin gün kreditə aldığı notebooku müəmmalı şəkildə oğurlanmışdı.

 

2009-cu ilin yanvarında ailəsi ilə sonuncu dəfə Yeni ili qeyd etmiş 20 yaşlı Emin Abdullayev. Mart ayında Gəncədə yaşayan ailəsi ona bayram payı göndərmişdi. Özünü gözləyirdilər, meyidini qarşıladılar.

 

Həftədə cəmi 1-cə dəfə həmin korpusda dərsi olan, hadisə günü də elə həmin dərs gününə təsadüf edən Yusif Bəndəliyev. Tələbələr güllə səsindən tez auditoriyanı tərk ediblər. Yusifin birdən yadına düşüb ki, mobil telefonu sinifdə qalıb. O uşaqlardan ayrılıb ki, gedib telefonunu götürüb qayıtsın. Sinifdən çıxanda qatillə üz-üzə gələn Yusif onunla əlbəyaxa olub. Yumruğunu sıxıb onu vurmaq istəsə də, aldığı güllələrdən yerindəcə keçinib. Deyilənə görə ölümündən sonra da onun barmaqlarını açmaq mümkün olmayıb və o, elə əlləri yumulmuş formada da dəfn olunub.

 

Ruslan Babaşov. Gözü zəif olduğu üçün hadisədən bir gün əvvəl atası ona eynək alıb. Həmin gün ilk dəfə dərsə eynəkdə gələn Ruslan elə yaddaşlarda da o cür qaldı: eynəyi gözündən düşmüş və dostlarının qollarında can verərkən.

 

Xərclərini qarşılamaqçün restoranlarda ofsiant işləyən, 1 həftə dərsə gedə bilməyib həmin gün hamıdan tez universitetə tələsərək qatil gülləsinə tuş gələn Ceyhun Aslanov.

 

“Azərbaycan Universitetləri”

Xəbər lenti