Logo

BDU-da “Dövr və zaman anlayışını unutduran böyük söz ustadı” adlı tədbir

30.04.2021 15:36 387 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tədrisin təşkili və idarə olunması Mərkəzinin Hazırlıq sektoru və Filolgiya fakültəsinin  Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının birgə təşkilatçılığı ilə “Dövr və zaman anlayışını unutduran böyük söz ustadı” adlı onlayn tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Hazırlıq sektorunun baş mütəxəssisi, dosent Naibə Rzayeva insanlığı bəşəri sülhə, ədalətə səsləyən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi, 2021-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında sərəncamının əhəmiyyətindən bəhs edib. Nizami Gəncəvi əsərlərinin milli və bəşəri əhəmiyyətindən, dünya miqyasında öyrənilməsindən, dahi şairin irsinin tədqiqi və təbliği istiqamətində görülən mühüm işlərdən söz açıb.

 

BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov dahi şəxsiyyət Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verib, dahi şairin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açdığını diqqətə çatdırıb.

 

Tədbirdə Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, BDU-nun dosenti Şərəf Cəlilli, Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri Hüseyn Əsgərov, professor Mətanət Abdullayeva və dosent Əhəd Cavadov çıxış edərək dahi söz ustadı Nizami Gəncəvinin əsərləri bəşər tarixində silinməz iz buraxdığı qeyd ediblər. Nizami irsinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayaraq bu nəhəng söz ustadının zəngin irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus yerini qoruyub saxladığını diqqətə çatdırıblar.

 

Daha sonra Hazırlıq sektorunun tələbələri - Badem Fetullah, Efe Mustafa, Güven İrem, Taban Gamza, Ahmet Kuyucu, Abdullah Çiçek Ayşe Gündoğar, Ayşe Aydın, Tasouijian Haideh, Lule İlayda, İnal Oğuzhan, Yeşim Kuyumcu, Yalçın Anıl, Bian Jiarui, Ye Minghui, Murat Gedikli, Ensar Muhammed Gungor Nizami Gəncəvi əsərlərindən nümunələr səsləndiriblər.  Tədbirdə Bakı Musiqi Akademiyasının III kurs tələbəsi Sübhan Rüstəmov  “Sənsiz” romansını ifa edib. Hazırlıq sektorunda təhsil alan tələbələrin dahi Nizaminin "Sənsiz" qəzəlini və “Sevgili canan” romansını səsləndirdiyi videoçarx nümayiş olunub.

Xəbər lenti