Logo

Ermənistan ordusuna özünə gələ bilməyəcək dərəcədə zərbə vuruldu

30.04.2021 21:18 758 baxış
IMG

Xalqın orduya olan güvəni və Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsi, hərbçilərimizin Vətən Müharibəsi zamanı yüksək mənəvi-psixoloji durumuna və döyüş əzminə çox müsbət təsir göstərdi.

 

44 günlük Vətən Müharibəsi, Ali Baş Komandan cənab İlham Əliyevin, Azərbaycan xalqının və ordusunun şanlı qələbəsi idi. Vətən Müharibəsi başlayan zaman xalq öz liderinin ətrafında vəhdət halında sıx birləşib “dəmir yumruq” kimi birlik nümayiş etdirdi. 30 ilə yaxın bir dönəmdə yağı düşmən tapdağı altında qalan Qarabağımız hər bir azərbaycanlının milli ləyaqət rəmzi hesab edilib. Dilbər guşəmiz olan dədə-baba torpaqlarımızın düşmən əsarətində qalmasına bizlər artıq dözə bilməzdik. Şanlı aprel döyüşlərindən sonra istər diplomatik sahədə, istərsə də hərbi müstəvidə düşmənə ağır zərbələr vurulmuşdu. Lakin mənfur qonşularımız bu dərsdən ibrət almayaraq yenə də cəbhə xətdində təxribatlara əl atmış, mülki şəxslərin yaşadıqları ərazilərə, evlərə ağır artileriyadan zərbələr endirməyə başlamışdı. Belə olan halda Azərbaycan xalqının səbr kasası daşdı və çox qısa bir zaman kəsiyində bütün nəzərlər cəbhəyə yönəldi. Döyüşlər zamanı Azərbaycan xalqı, ordusu qarşıya qoyulmuş məqsəd üçün bütün var qüvvəsini ortaya qoydu. Aparılan güclü və məqsədyönlü ordu quruculuğu sayəsində formalaşan Şanlı Azərbaycan ordusu sözün əsl mənasında düşmən çəpərinə çevrildi. Düşmənin fantaziyasına uyğun uydurulmuş “güclü ordusu” haqqında miflər çox qısa bir zamanda puç oldu.

 

Azərbaycan 30 il ərzində aparılan sülh danışıqlarına sadiq qalmasına rəğmən, güclü ordu quruculuğu işini də uğurla həyata keçirdə bilmişdi. Rəşadətli Azərbaycan ordusunun məharətli hünəri və ağıllı hərbi taktikası sayəsində təmas xətti yarıldı və düşmən tapdağında olan ərazilərimiz geri qaytarıldı, ərazilərimizin bütövlüyü təmin edildi. Müharibə başlayarkən Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə, istər beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə, istərsə də xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibələrində bildirirdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz”. Bu əminlik 44 günlük Vətən Müharibəsindən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi.

 

Ermənistan ordusuna bir də özünə gələ bilməyəcək dərəcədə zərbə vuruldu. Vətən Müharibəsi  zamanı biz kimin kim olduğunu çox aydın şəkildə gördük. Müharibə əsnasında Ermənistandan fərqli olaraq Azərbaycan heç bir təşkilatdan, dövlətdən kömək, yardım istəmədi. O, yalnız öz gücünə, xalqına, liderinə arxalandı. Bu birlik sayəsində düşmənə sarsıdıcı zərbə vuruldu. 30 ilə yaxın işğalda saxlanılan ərazilərimiz dövlətimizin gücü, Ali Baş Komandanın siyasi və hərbi iradəsi və Azərbaycan ordusunun şücaəti sayəsində işğaldan azad edildi. Xalq və dövlət olaraq Azərbaycan XXI əsrdə milli birlik, mübarizə nümunəsi ortaya qoymuş oldu. Bütün dünya dövlətləri bir amal uğrunda ortaya qoyulmuş xalqımızın mübarizə əzminə şahidlik etdi. Düşmənin utopiyasına əsasən beyinlərində formlaşadırdığı “məğlubedilməzlik” düşüncəsi darmadağın edildi.

 

Anar Güllərli
Sumqayıt Dövlət Universitetinin tələbəsi

Xəbər lenti