Logo

“Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim

23.09.2020 17:30 660 baxış

Təlimdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları iştirak edib.

2020-ci il 22 sentyabr tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin böyük məsləhətçisi Elnur Abbasov və E-imtahanların və müsahibələrin təşkili şöbəsinin məsləhətçisi Hüseyn Bəşirov tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil edilib. Təlimdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları iştirak edib.

Təlimdə iştirakçılara müsahibə üçün xarakterik olan xüsusiyyətlər, müsahibənin məqsədi, müsahibəyə hazırlıq, namizədin biliyinin qiymətləndirilməsi üzrə tələb olunan bacarıqlar, müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilib. Habelə, təlimdə müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri, namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və müsahibə proqramına uyğun suallar verilməsinə, sualları və tapşırıqları verərkən, müəyyən edilmiş vaxt bölgüsünə əməl edilməsinə diqqət yetirilməsi barədə məlumat verilib. 

Bununla yanaşı, təlimdə iştirakçılara dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının və müsahibə proqramlarının qanunvericiliyin tələblərinə uyğun hazırlanması, dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi barədə təqdimat olunub. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti