Logo

“Universitet reytinqi məsələlərinin əsas problemləri”

02.05.2021 12:34 81 baxış
IMG

Azərbaycan Texnologiya Universitetində (UTECA) Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Universitet reytinqi məsələlərinin əsas problemləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan danışıb. Bildirib ki, layihə əsasən iki istiqamətdən- ikili diplom proqramlarının təsis olunması və dünyanın ən nüfuzlu 500 universitetində azərbaycanlıların doktorantura təhsilinin maliyyələşdirilməsindən ibarətdir; Həmin mütəxəssislər yaxın illərdən etibarən Azərbaycan elminə, təhsilinə töhfə vermis olacaqlar.

 

Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev Gəncə təhsilinin nailiyyətlərindən danışıb.

 

Rusiya, İsveç, Cənubi Koreya, İngiltərə, Bosniya və Hersoqovina, Kabarda-Balkariya, Qazaxıstan olmaqla 8-dən çox xarici ölkənin elm adamlarının qatıldığı tədbirdə çıxışçıların məruzələri əsasən, universitetlərin reytinq sistemi məsələlərini əhatə edib.

 

Türkiyə YÖKAK rəhbəri Müzəffər Almaz Türkiyə universitetlərinin bu sahədə təcrübələrini bölüşüb, slaydlar və statistik göstəricilər təqdim edib, mövzunun aktuallığına, reytinqin beynəlxalq indekslərinə diqqət çəkib.

 

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin sədri Hüseyn Böyükfırat universitet-sənaye əməkdaşlığının reytinq məsələlərinə verdiyi töhfələri vurğulayıb. O, Azərbaycan Texnologiya Universitetinin Texnoparkı ilə yaxından tanış olmaq istədiyini və UTECA Texnoparkına töhfələr verməyə hazır olduqlarını bildirib.

 

Qazaxıstanın Ş.Yessenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin vitse-prezidenti Timur İmankulov, İngiltərənin Middlesex Universitetinin Kompüter Elmləri üzrə proqram direktoru Georgies Dafoulas, İsveçin Linnaeus Universitetinin Ali təhsilin inkişafı bölməsində elektron təhsil üzrə baş mütəxəssis Alastair Creelman, Kabardin-Balkar Aqrar Universitetinin elmi işlər üzrə prorektoru Rüstəm Abdulxaliqov, Bosniya və Hersoqovinanın Bihac Universitetinin professoru Ajna Jodanova, Kabardin-Balkar Aqrar Universitetinin dosenti Fatimat Sultanova, Cənubi Koreyadan “World Friend Korea NIPA” məsləhətçisi Byung Chang Yull kimi xarici qonaqlar da konfransda maraqlı tezis və məruzələrlə çıxış ediblər. Mövzular əsasən universitet reytinqi məsələlərinin əsas problemlərini, bu istiqamətdə  xarici əlaqələr faktorunu, reytinq göstəricilərini əhatə edib.

 

“AzerCold” şirkətinin nümayəndəsi Valid Əliyev UTECA ilə artıq 3 ildir davam edən əməkdaşlıqdan danışıb. Əməkdaşlığın istehsalat təcrübəsi, kadr hazırlığı və elmi araşdırma olmaqla 3 əsas istiqamət üzrə aparıldığını vurğulayan mütəxəssis bildirib ki, hədəfdə daha strateji nailiyyətlər var, bunlardan ən böyüyü Balakəndəki Filizçay layihəsidir.

 

Bakı Beynəlxalq Dəniz-Ticarət Limanı katibliyinin rəhbəri Babək Məmmədov Azərbaycanın tranzit imkanlarından, bu çərçivədə görülən genişmiqyaslı işlərdən bəhs edib.

 

Qeyd edək ki, beynəlxalq konfransın məcmuələr toplusuna 10-a yaxın ölkədən 150-yə qədər tezis daxil edilib.

Xəbər lenti