Logo

ADPU-nun 100 və Şamaxı filialının 30 illiyinə həsr olunmuş konfrans keçirilib

02.05.2021 12:47 1087 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında  ADPU-nun 100 illik və Şamaxı filialının 30 illik yubileyinə həsr olunmuş “Respublikamızda milli-pedaqoji kadrların hazırlanmasında ADPU-nun rolu” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib. Tədbirdə filialın professor-müəllim heyəti  və tələbələri, qonaq qismində ADPU-nun professoru Məlikməmməd Cəbrayılov, Bakı Dövlət Universitetinin (BDU) Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Mirələm Vəliyev iştirak edibər. 

   

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə Yusifova 1921-ci ildə ADPU-nun və 1991-ci ildə onun Şamaxı filialının yaranma tarixi barədə məlumat verərək  keçmişdən bu günə qədər böyük inkişaf yolu keçmiş  ADPU-nun bu gün Azərbaycanın ən nüfuzlu ali məktəblərindən birinə çevrilməsindən danışıb. Natiq bildirib ki, universitet son illərdə rektor, professor Cəfər Cəfərovun rəhbərliyi ilə yüksək sürətlə dinamik inkişaf etmişdir. “ADPU-nun 100 illik yubileyinin qeyd olunması barədə” Sərəncam imzalaması Cənab Prezident İlham Əliyevin təhsil sahəsinə qayğısının növbəti təcəssümüdür. Bu gün ADPU-nun və o cümlədən Şamaxı filialının məzunları Azərbaycanın bütün bölgələrində istər pedaqoji, istərsə də digər dövlət əhəmiyyətli sahələrdə çalışır və ADPU-nu uğurla təmsil edirlər. Ölkədə təhsil sahəsində aparılan islahatlara bütün imkanları ilə qoşulan ADPU-nun Şamaxı filialı maddi-texniki bazası, təhsil mühiti, keçirilən beynəlxalq və respublika səviyyəli tədbirləriylə cəmiyyətdə özünə müsbət imic qazanmışdır. Filialın məzunları vətənpərvərlik ruhunda tərbiyə olunmalarıyla həm də 44 günlük Vətən müharibəsində dövlətimizə və dövlətçiliyimizə olan sədaqətlərini ön sıralarda nümayiş etdirdilər.
 “Azərbaycan Dövlət Pedaqoji Universiteti Respublikada pedaqoji təhsilin bayraqdarıdır” mövzusunda məruzə ilə çıxış edən  prof. M.Cəbrayılov ADPU-nun fəaliyyəti boyunca Azərbaycanda kadr hazırlığı prosesinə verdiyi töhfələrdən, yetişdirdiyi minlərlə maarif və ictimai xadimin Azərbaycan cəmiyyətində oynadığı roldan bəhs edib. Ümummilli lider Heydər Əliyevin hər iki hakimiyyəti dövründə ADPU-nun çiçəklənmə illərini yaşadığı xüsusi vurğulanıb. Bu proses bu gün də davam edir və ADPU ən nüfuzlu ali məktəblərdən biri olaraq 20 minə yaxın tələbənin kadr hazırlığını həyata keçirir, həmçinin beynəlxalq əməkdaşlığının əhatə dairəsi də da günü-gündən genişlənir. Buna misal olaraq Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramını göstərmək olar. O,  Şamaxı filialında da kadr hazırlığının uğurla həyata keçirildiyini qeyd edib.

 

ADPU-nun məzunlarından olan BDU-nun dosenti M.Vəliyev çıxışı zamanı respublikamızın ilk ali pedaqoji təhsil ocağının  yarandığı gündən üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirdiyindən, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirməsindən bəhs edib. Azərbaycanın tanınmış ictimai, elm və mədəniyyət xadimləri arasında universitetin çox sayda məzunları var. M.Vəliyev Şamaxı filialında müəllim olaraq fəaliyyət göstərdiyi illərdən də qürur hissi ilə danışıb.
 

Uzun illər Şamaxı filialının direktoru vəzifəsində çalışmış, hazırda filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri vəzifəsini icra edən dos. Mayıl Alıcanov 1991-ci ildən V.İ.Lenin adına APİ-nin Şamaxı filialı kimi fəaliyyətə başlayan və bu gün ADPU-nun Şamaxı filialı kimi fəaliyyətini davam etdirən filialda hər zaman yüksək elmi-potensiala malik kadrların  fəaliyyət göstərdiyini qeyd edib. O, bu gün də filiala yerli kadrlarla yanaşı, ölkənin nüfuzlu ali təhsil müəssisələrindən 10-dan çox alimin dəvət olunduğunu vurğulayıb.


Sonra filialının Tədris və elmi işlər üzrə direktor müavini, f.ü.f.d. Şasəddin Mikayılov “ADPU-nun fəaliyyətində Heydər Əliyev erası” və kafedranın müəllimi Yaqut Qasımova “Elmi pedaqoji kadrların hazırlanması günün aktual problemidir” mövzularında çıxış edibər.

Xəbər lenti